Pakistanın baş naziri İmran Xan Vaşinqtondan hökumətini devirmək mövzusunda təhdid mesajı aldığını açıqlayıb və vəzifəsindən istefa verməkdən imtina etdiyini deyib.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, İmran Xan ötən gün, cümə axşamı vəzifəsindən istefa verməkdən imtina etdiyini vurğulayıb və Vaşinqtonu müxalifəti dəstəkləməkdə ittiham edib.
O, dövlət televiziyasında yayımlanan çıxışında "oyunu sona qədər oynayacağını və parlamentdəki səsvermənin nə ilə nəticələnəcəyini görmək üçün bazar gününə qədər gözləyəcəyimizi" bəyan edib.
Pakistanın baş naziri İmran Xan, "Amerikadan təhdid məktubu aldığımı xalqa elan edirəm", deyib və əlavə edib: "Amerika hökumətimi devirməklə hədələdi, çünki torpaqlarımızda onun üçün hərbi bazalar yaratmaqdan imtina etdim".
"Heç kəsin qarşısında diz çökməyəcəyəm, xalqımın kimsənin qarşısında diz çökməsinə də icazə verməyəcəyəm, müxalifətin uğur qazanması mümkün deyil. Pakistanın xarici siyasəti müstəqil olmalıdır. Müxalifətin cəhdləri baş tutsa, gələcək nəsillər bunu bağışlamayacaq", deyə o əlavə edib.