29.03.2022 12:10:17
İslami Müqavimət Hərəkatı (HƏMAS) və İslami Cihad Hərəkatının, Qəzza zolağının bütün vilayətlərindəki rəhbərlik heyətinin, genişmiqyaslı görüşləri dünən başa çatıb.
Az.rasthaber.com "Palinfo"ya istinadən xəbər verir ki, görüşlərdə, hər iki hərəkatın siyasi liderləri və təşkilat rəhbərləri ilə yanaşı, İslami Cihadın hərbi qanadı olan "Qüds Səriyyələri" və HƏMAS-ın hərbi qanadı İzzəddin Qəssam Briqadalarının komandirləri də iştirak edib.
Məlumata görə, ortaq bəyanatda, görüşlərdə Fələstin xalqının prioritetləri və milli dava ilə bağlı məsələlərin dəyərləndirildiyi bildirilib. Həmçinin, müqavimət proqramının daha da inkişaf etdirilməsi, ikitərəfli əlaqələrin gücləndirilməsi, hər iki hərəkatın birgə fəaliyyətinin möhkəmləndirilməsi, digər müqavimət qrupları ilə çiyin-çiyinə döyüşmək kimi müxtəlif məsələlər müzakirə edilib.
Qeyd edək ki, iki müqavimət hərəkatı bütün sahələrdə birgə işçi komitələri yaradacaqlarını açıqlayıb və Fələstin xalqına, Allahın izni ilə, azadlıq məqsədləri reallaşana və vətənə qayıdana qədər müqavimət və birlik yolunda irəliləyəcəklərinə söz veriblər.