Suriyada daxili müharibəyə görə hökumətlə əlaqələrini dayandıran HƏMAS yenidən rəsmi Dəməşqlə münasibətlərini bərpa edib.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə HƏMAS-ın yüksək rütbəli bir rəsmisi FransPress-ə açıqlama verib.
Mənbə bildirib ki, hərəkat Suriya hökuməti ilə münasibətlərini öncə olduğu kimi yaxşılaşdırıb və əlaqələr tam olaraq bərpa edilib.
Bu arada HƏMAS-ın Siyasi Bürosunun sədri İsmail Həniyyə ötən gün Beyruta gedib. O burada Fələstin və Livan hərəkatlarının nümayəndələri ilə, eləcə də Livan hökumətinin rəsmilərilə görüşəcək.
Qeyd edək ki, HƏMAS 2012-ci ildə daxili müharibəyə görə Qətərin, Türkiyənin, Səudiyyə Ərəbistanı, Misir və digər ərəb dövlətlərinin təzyiqi ilə Dəməşqdəki ofisini bağlamış və buranı tərk etmişdi.