HƏMAS-ın hərbi qanadı İzzəddin Qəssam Briqadaları Qəzzadan işğal altında olan Netivot bölgəsinə raket hücumu həyata keçirdiyini açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, Əl-Cəzirə telekanalının məlumatına görə, İsrailin Qəzzaya qarşı başlatdığı müharibənin üç əsas məqsədindən biri Fələstin müqavimətini tamamilə məhv etmək olub. Bununla belə, 15 aylıq müharibə və blokada zamanı Fələstin müqavimət qrupları İsrailə qarşı effektiv əməliyyatlar təşkil etməyə davam edir.
Mehr Xəbər Agentliyinin məlumatına görə, HƏMAS-ın hərbi qanadı İzzəddin Qəssam Briqadaları Qəzza ətrafındakı Netivot yaşayış məntəqəsinə raket hücumu həyata keçirdiklərini açıqlayıb. Sionist media hücumdan sonra Qəzza ətrafındakı yaşayış məntəqələrində sirenlərin işə düşdüyünü açıqlayıb. Sionist rejimin "Kanal 12" televiziyası Qəzzadan işğal olunmuş əraziyə ən azı iki raketin atıldığını bildirib.
Bundan əlavə, İslami Cihadın hərbi qanadı Qüds Briqadaları və Həmas İsrailin təhlükəsizlik tədbirlərini gücləndirməsinə baxmayaraq, son bir həftə ərzində dəfələrlə raket hücumları həyata keçirib. Bu vəziyyət sionist rejimin baş naziri Binyamin Netanyahuya qarşı daxili tənqidlərin artmasına səbəb olub.