Hizbullahın baş katibi çıxışında bəyan edib ki, Livan xalqı və onun müqaviməti hazırda iki cəbhədə, iqtisadi cəbhədə və media cəbhəsində Amerika-sionist düşmənlə üz-üzədir.
Az.rasthaber.com xəbər verir ki, Hizbullahın baş katibi Seyid Həsən Nəsrullah Beyrutun cənubundakı Dahiya bölgəsində etdiyi çıxışında deyib:
"İyul müharibəsi beynəlxalq xəyanət və daxili parçalanmanın kölgəsində yaşadığımız ən çətin müharibə idi, lakin biz Allaha üz tutduq və O, niyyətimizdə sədaqət gördüyü üçün bizə qələbə bəxş etdi.
İqtisadi mühasirə bir növ müharibədir, ona qarşı səbir və dözüm isə cihaddır.
Bu qarşıdurma cihadi mübarizə adlanır. Düşmən çoxşaxəli müharibəni tətbiq edir və biz bununla müxtəlif üsullarla mübarizə aparmalıyıq.
Nə qədər ki, Amerika və İsrailin bir planı var, biz bununla hərbi, təhlükəsizlik, mədəni və sosial səviyyələr də daxil olmaqla bütün səviyyələrdə mübarizə aparacağıq.
Bu gün şeytanın ən böyük nümayəndələri Amerika və İsraildir və bu açıq müharibədir.
Bu gün qarşımızda iki açıq cəbhə var: həyati önəm daşıyan iqtisadi cəbhə və siyasi media cəbhəsi. Hazırda iqtisadi və siyasi media müharibəsi gedir.
Düşmən aclığın arxasında müqavimət olduğunu iddia edərək Livanda istənilən müqaviməti yatırtmaq və Livan millətini müqavimət variantından əl çəkməyə məcbur etmək istəyir.
Düşmən bizi diz çökdürməyə, aşağı salmağa çalışır. Livan xalqının cavabı böyük seçkilər oldu və seçkinin nəticələri düşməni məğlub etdi.
Bir neçə gündən sonra Amerika səfirinin Misirdən qaz və İordaniyadan Suriya vasitəsilə elektrik enerjisi gətirmək barədə yalan vəd verməsinin ildönümü tamam olur. Bir il keçdi, amma görürük ki, heç nə baş verməyib. Verdikləri sözə əməl etmədikləri azmış kimi, eyni zamanda media təbliğatı ilə camaatı qızışdırır və müqaviməti bu hadisənin günahkarı kimi göstərirlər.
Niyə Amerika və Səudiyyə Ərəbistanı ilə yaxşı münasibətdə olanlar Livan xalqını dizel, benzin və unla təmin etmək üçün heç bir addım atmadılar?
Amerika sizin müttəfiqiniz deyilmi?".
Seyid Həsən Nəsrullah Amerika nümayəndə heyətinin Livana səfəri ilə bağlı zaman oyununa qarşı xəbərdarlıq edib və bu açıqlamaları verib:
"Dəniz sərhədlərinin çəkilməsi prosesi bir qədər müsbətdir. Biz sərhədlərin müəyyən edilməsi məsələsinə bir qədər vaxt verəcəyik ki, işlərin hara getdiyini görək, amma vaxt dardır və biz sionist rejimin cavabı əsasında hərəkət edəcəyik.
Amerikalılar zaman oyununa diqqət yetirməlidirlər. Dəniz sərhədlərinin müəyyən edilməsində hökumətin və müqavimətin mövqeyi eynidir.
Livanda iki yanaşma var. Birincisi, təxribat, blokada və sanksiyalar yolu ilə arenanın təslim edilməsinə yönəlmiş mənfi yanaşma, ikincisi isə bizim də iştirak etdiyimiz vətəndaşlara həll yolları və yardım göstərməyə yönəlmiş yanaşmadır".