Hindistan və Pakistan arasında artan hərbi gərginlik əsas diqqəti qarşılıqlı hava hücumlarına yönəldib. Bu hadisələr hər iki ölkənin hava məkanlarının demək olar ki, tamamilə bağlanması ilə nəticələndi.
Az.rasthaber.com xəbər verir ki, Hindistan hökuməti Pakistanın sərhədyanı ərazilərə son dron və raket hücumlarına cavab olaraq ölkə daxilindəki 32 hava limanında uçuş əməliyyatlarını mayın 15-dək dayandırdığını açıqlayıb.
“Times of India” qəzetinin məlumatına görə, bu qərar xüsusilə Pəncab və Racastan əyalətlərində artan hücumlar fonunda qəbul edilib.
Caysalmer, Pathankot və Amritsar kimi şəhərlərin pilotsuz təyyarələrin hücumuna məruz qaldığı bildirilir.
Pakistan Mülki Aviasiya İdarəsi də bu gün ölkənin hava məkanının yerli vaxtla saat 03:15-dən 12:00-a qədər tamamilə bağlanacağını açıqlayıb.
Bu hadisələr aprelin 22-də Hindistanın Cammu və Kəşmir bölgəsindəki Pahalqamda törədilən terror aktından sonra baş verib.
Hücumda 25 Hindistanlı turist və 1 Nepal vətəndaşı həyatını itirib.