Cənubi Afrika Respublikasının (CAR) silahlı qüvvələrində xidmət edən mayor Fatimə Ayzeks hicabın uniformaya tərkib hissə kimi əlavə edilməsinə nail olub.
Rasthaber Azərbaycan xəbər verir ki, Ayzeks 2010-cu ilin fevralından xidmətə qəbul edildiyi zamandan hicab bağlayaraq hərbi beret geyinib. Bu da onun müsəlman olmasından irəli gəlib.
Lakin 2018-ci ilin iyununda rəhbərlik bildirib ki, hicab CAR müdafiə qüvvələrinin uniforma siyasətinə ziddir. Buna görə də Ayzeks Hərbi İntizam Kodeksinin 3 bəndinin pozulmasında ittiham olunub.
Ayzeks hərbçilərin yürütdüyü siyasətdən məhkəməyə müraciət edib. Uzun sürən dinləmələrdən sonra məhkəmə qadının lehinə qərar çıxarıb.
“Biz demokratik ölkədə yaşayırıq. Deməli, dini inanclara qarşı heç bir diskriminasiyaya yol verilməməlidir. Bu çox önəmli qələbədir”, – mayor Fatimə Ayzeks deyib.