Gürcüstanın Tbilisidəki Azərbaycan Respublikasının səfirliyi önündə “Azərbaycana dəstək” aksiyası təşkil olunub.
Rasthaber Azərbaycan Az.shafaqna.com-a istinadən xəbər verir ki, bir saat öncə Gürcüstan paytaxtı, Tbilisidə yerləşən Azərbaycanın Səfirliyi önündə aksiya keçirilib.
Aksiya Azərbaycana dəstək məqsədilə, bir qrup gənc əllərində Azərbaycan və Gürcüstan Respublikalarının bayraqları ilə cəm olublar.
Aksiya iştirakçıları bu addımla Azərbaycanın Tovuz rayonundakı mövqelərinə hücum edən Ermənistan ordusuna adekvat cavabdan sonra yaranmış döyüşlərdə, Azərbaycanın yanında olduqlarını nümayiş etdiriblər. Aksiya iştirakçıları müxtəlif şüarlar səsləndiriblər.
Aksiya iştirakçılarının qarşısına çıxan Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Dursun Həsənov dəstəyə görə, öz təşəkkürünü bildirib.
Aksiyada çıxış edən səfir deyib: ““Bildiyiniz kimi Azərbaycanın Tovuz rayonu istiqamətində şəhid olan polkovnik İlqar Mirzəyev Gürcüstanın Qardabani rayonundandır, onun birlikdə generalımız, zabit və əsgərlərimiz də şəhid oldu. Allah hamısına rəhmət etsin. Azərbaycanın möhtərəm Prezidenti, Cənab İlham Əliyev dediyi kimi şəhidlərimizin qisası alındı və alınacaq. Bildiyiniz kimi atəşkəs birinci Ermənistan tərəfindən pozulmuşdu, torpaqlarımıza hücum etmək istədilər, lakin layiqli cəzalarını aldılar. Siz bilirsiniz – Gürcü qardaşlar, bacılar; Azərbaycan və Gürcüstan dost, qardaş olmuş, həmişə olacaqdır. Həmişə belə yaşamışıq, yaşayacağıq.”
Aksiya insidentsiz başa çatıb.