Dünən "Böyük iyirmilik" korona virusu pandemiyasının yayılmasına və "neft müharibəsi"nin törətdiyi qlobal iqtisadi fəsadlara həsr olunmuş konfrans keçirib
Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, dünən korona virusu pandemiyasının yayılmasına və "neft müharibəsi"nin törətdiyi qlobal iqtisadi fəsadlara həsr olunmuş "Böyük iyirmilik" (G-20) qrupuna daxil olan ölkələrin başçılarının sammiti Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləzizin müraciəti ilə başlayıb.
Video-konfrans vasitəsilə keçirilən sammitdə ABŞ prezidenti Donald Tramp, Avropa İttifaqının rəhbərləri və G-20 ölkələrinin başçıları iştirak və çıxış ediblər.
Kral Salman bin Əbdüləziz açılış müraciətində çıxış edərək deyib: “İnkişaf etmiş ölkələr korona virusu pandemiyasına qarşı mübarizədə "müxtəlif cəbhələrdən" daha sərt tədbirlər görməlidir. Böhran daha qlobal xarakter alır, bu səbəbdən bütün dünya bizdən sıx əməkdaşlıq və birgə fəaliyyət gözləyir. Biz korona virusuna qarşı vaksinin tapılması üzrə layihələrin maliyyələşdirilməsinin məsuliyyətini öz üzərimizə götürməliyik. Eyni zamanda, gələcəkdə də infeksiya xəstəliklərinin qlobal miqyasda qarşısını almaq üçün hazırlıqlar görməliyik. G-20 ölkələri inkişaf etməkdə olan ölkələrə korona virusuna qarşı infrastruktur qurulması sahəsində də yardım etməlidir."
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da video-konfrans yoluyla “Covid-19” virusu ilə bağlı G-20 başçılarının fövqəladə iclasına qatılıb.
2 saat 15 dəqiqə davam edən sammitdə qəbul edilən qərarlar bunlar olub:
- Ehtiyacı olan bütün ölkələrə yardım ediləcək, insanların sağlığı və maliyyə tədbirləri ilə əlaqələndirilməsi təmin olunacaqdır.
- Panepidemiyaya nəzarət etmək üçün bütün lazımi səhiyyə tədbirləri və kifayət qədər maliyyə işləri görüləcək.
- G-20 dövlətləri korona virusunun yayılmasının qarşısını almaq üçün nə lazımsa, edəcəklər.
Ərdoğanla birlikdə zirvə iclasında ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu, xəzinə və maliyyə naziri Berat Albayrak, Prezident Aparatı Mətbuat Xidmətinin katibi Fəxrəddin Altın, Prezident Aparatının sözçüsü İbrahim Kalın və G-20-nin Türkiyə üzrə nümayəndəsi Xeyrəddin Demircan da iştirak ediblər.
Qeyd edək ki, G-20 birliyi Almaniya, ABŞ, Türkiyə, Argentina, Avstraliya, Braziliya, Çin, İndoneziya, Fransa, Cənubi Afrika, Cənubi Koreya, Hindistan, İngiltərə, İtaliya, Yaponiya, Kanada, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı və Avropa İttifaqı (AB) Şurasından ibarətdir.