Fələstinin baş naziri Məhəmməd Aştiyyə, Fələstin tərəfi ilə imzalanmış müqavilələrə əməl etmək üçün İsrailə beynəlxalq təzyiqlərin tətbiqinə çağırıb.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, Fələstinin baş naziri bu çağırışı Slovakiyanın xarici işlər naziri İvan Korçuk ilə görüşündə deyib.
Baş nazir deyib ki, “siyasi sülh prosesinə müqəddimə olaraq, imzalanmış sazişlərə əməl etməsi üçün İsrailə beynəlxalq müstəvidə təzyiq göstərmək lazımdır”.
O, bu təzyiqlərin məqsədlərindən birinin fələstinlilərə ölkənin bütün əyalətlərində, o cümlədən işğalda olan Qüdsdə seçkilərin keçirilməsinə şərait yaratmaq olduğunu izah edib.
Fələstinin baş naziri, “iki dövlətin təsisi prinsipi”ni məhv edən İsrailə qarşı ciddi tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.
O həmçinin işğal edilən ərazilərdə İsrail tərəfindən yaşayış massivlərinin salınmasına toxunub və buna son qoyulması üçün beynəlxalq ictimaiyyəti məsələyə ciddi yanaşmasını istəyib.