Ermənistanda koronavirusa yoluxanların sayı 977-yə çatıb

Ermənistanda koronavirusa yoluxanların sayı 977-yə çatıb

Ermənistanda son bir gündə koronavirusa yoluxma hallarının ümumi sayı 977-yə çatıb, Ermənistanın Baş naziri bildirib.

"Bir gündə 30 yeni hadisəmiz var. Hazırda xəstəxanada olan aktiv halların sayı təxminən 750-dir. 13 ölüm halı qeydə alınıb. Ölən vətəndaşların orta yaşı 76,2, xəstələrin orta yaşı isə 42-dir," - yerli mətbuatda Nikol Paşinyanın Facebook-da paylaşdığı məlumatdan iqtibas gətirilir.

Virus bütün rayonlara yayılıb

Şənbə günü koronavirusa yoluxma halı indiyədək bu infeksiyadan azad olan yeganə Ermənistan bölgəsi - Qeqarkunik rayonunda aşkar olunub. Bu barədə rayonun rəhbəri Gnel Sanosyan bildirib.

Aprelin 10-da Ermənistanın Səhiyyə Nazirliyi koronavirusla bağlı 11 ölüm halının qeydə alındığını bildirmişdi.

Koronavirusun yayılmasının qarşısını almaq məqsədilə martın 16-dan aprelin 14-dək Ermənistanda fövqəladə vəziyyət elan edilib.

Aprelin 1-dən ölkədə fövqəladə vəziyyət rejimi şəraitində tətbiq edilən bir sıra məhdudiyyətlər daha da sərtləşdirilib və daha 10 gün müddətinə uzadılıb. Aprelin 12-nə kimi davam edəcək məhdudiyyətlər bəzi iqtisadi fəaliyyət növləri və azad hərəkət etmək azadlıqlarına aiddir, Vahid İnformasiya Mərkəzi bildirir.

Yeni qərara görə, ictimai nəqliyyatın hərəkəti tamamilə dayandırılır, dəmiryol nəqliyyatı və taksidən başqa.

Vətəndaşların bölgələrası hərəkəti məhdudlaşdırılır. Daha 1-2 istiqamətdən başqa, ev-iş yeri marşrutunda hərəkət etmək olar.

Şəxsi minik avtomobili ilə ailə və eyni şirkət (müəssisə) üzvləri daşına bilər.

İş yerinə yollanarkən müəssisə rəhbəri tərəfindən təqdim edilmiş sənəd olmalıdır.

Ermənistan parlamenti çərşənbə axşamı Mənim Addımım əksəriyyət təşkil edən iqtidar fraksiyasının səsləri hesabına ölkə ərazisində telefon zənglərini izləyərək, onların hərəkət etmə və təmas dairəsini müəyyən etmək icazəsi verən qanun layihəsini qəbul edib. Qanun layihəsini həmin gün Prezidient Armen Sarkisyan imzası ilə təsdiqləyib.

Hökumət koronavirusa yoluxan şəxslərin müəyyən edilməsi üçün onlara dair informasiyanın - hərəkət etdikləri yerlər, telefon danışıqları, yazışmaları - aşkarlanmasını təklif edir.

Müxalif fraksiyalar bu qanun layihəsinin demokratiya qaydalarına zidd, insan azadlıqlarının pozulması hesab edir və vətəndaşlar haqqında toplanan şəxsi informasiyanın gələcəkdə onlara qarşı istifadə etmək təhlükəsi yaratdığını deyirlər.

Hakimiyyət məlumatın yalnız koronavirusla mübarizə üçün istifadə ediləcəyi və yoluxma təhlükəsi ləğv edildikdən sonra bütün toplanan informasiyanın ləğv ediləcəyini bildirir.

Martın 25-nə keçən gecədən Ermənistan ərazisində vətəndaşların azad hərəkət etmə hüquqları məhdudlaşdırılıb, fövqəladə vəziyyət qaydalarının pozulması üçün inzibati və cinayət cəza tədbirləri nəzərdə tutulur.

Ərzaq məhsulları istehsal edən və onların satış nöqtələrindən, aptek və tibb müəssisələrindən başqa bütün idarə və təşkilatlar bağlanır.

Bayırda bir yerdə 2 nəfərdən artıq toplaşmaq, taksi və fərdi avtomobildə sürücü ilə bir yerdə iki nəfərdən artıq adamın olması qadağan edilir.

Vətəndaşlar xüsusi bildiriş vərəqəsi ilə mağazaya, aptekə, ehtiyacı olana baş çəkməyə və sairə yerlərə gedə bilərlər. Bundan başqa, bayıra çıxarkən pasport və ya şəxsiyyəti təsdiq edən hər hansı sənəd də olmalıdır.

Bildiriş vərəqələri əllə yazmaq və çap etmək olar. Bildirişdə vətəndaşın adı, atasının adı və soyadı, haradan haraya, saat neçədə çıxdığı və neçədə qayıdacağı göstərilməlidir.

Bir gün sonra həkimlər və öz vəzifəsini yerinə yetirən jurnalistlər üçün hərəkət məhdudiyyətləri ləğv edilib.

Fövqəladə vəziyyət şərtlərinin yerinə yetirilməsinə polis nəzarət edir. Polis istənilən şəxsi saxlayıb, sənədlərini yoxlaya və sorğu edə bilər.

 BBC Azərbaycanca

Xəbəri paylaş

VİDEOLAR