"Azərbaycan hökuməti neftin bir barrelinin qiymətinin $30-35-dək azalacağı təqdirdə “B” planına malikdir."
Rasthaber Azərbaycan İnterfaks Azərbaycan-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
"Əhali çaxnaşmaya düşməməlidir. Hökumətin “B” planı var. Bu plan bir barrel neftin qiymətinin $30-$35-dək enməsinə hazırlanıb. Bütün ehtiyat tədbirləri görülüb", - deyə o, bu gün jurnalistlərə bildirib.
Sədr qeyd edib ki, neftin qiymətinin ucuzlaşması ölkənin ticarət və tədiyyə balansında ciddi problem yaratmayacaq. “Hazırda biz əllərində nağd manat olan əhalinin baş verən xarici amillərə reaksiyasını müşahidə edirik. Bununla əlaqədar Mərkəzi Bank dünən və bu gün valyuta hərracları keçirib və bankların xarici valyutaya olan bütün tələbatı tam ödənilib. Dünən banklar əldə etdikləri valyutanın hamısını tam şəkildə reallaşdıra bilmədilər. Buna görə də banklarda xarici valyutanın çatışmaması problemi yoxdur. Aparılan əməliyyatların həcmi 10 dəfədən çox artdığı üçün banklar bütün müştərilərin tələbini təmin etməyə yetişmirlər”, - deyə E.Rüstəmov bildirib.
O əlavə edib ki, Azərbaycanın kifayət qədər valyuta ehtiyatları var. “Dövlət Neft Fondunun dövlət büdcəsinə transfertləri dəyişmir. Mərkəzi Bankın, Maliyyə Nazirliyinin öz ehtiyatları var. Biz bu ehtiyatlardan tam istifadə edə bilərik. Düşünürəm ki, bu problem biz gözlədiyimizdən daha tez başa çatacaq. Lakin bizim strateji valyuta ehtiyatlarımızın olduğunu da unutmaq lazım deyil”, - deyə sədr əlavə edib.
Mart ayının əvvəlinə Azərbaycanın strateji valyuta ehtiyatları $52 milyard məbləğində qiymətləndirilir.
Martın 10-da keçirilmiş valyuta hərracında banklar tərəfindən $323,2 milyon, martın 11-də isə $155 milyon məbləğində xarici valyuta alınıb.