Birləşmiş Ştatlar hökuməti Azərbaycanda müxalifət lideri Tofiq Yaqublunun həbsindən və ona qarşı ittihamlardan narahatdır.
Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Turan İnformasiya Agentliyinin Vaşinqtondakı müxbiri Ələkbər Raufoğluna bildirib.
Yaqublu 22 martda “xuliqanizm” ittihamları ilə həbs olunub. Onun ailəsi və insan haqları qrupları COVID-19 pandemiyası şəraitində müxalifət liderinin həbsə salınmasından narahatlıq keçirirlər.
“Biz həbslə bağlı baş verənləri yaxından izləyirik və öz naharatlığımızı Azərbaycan hökumətinə çatdırmışıq. Biz Azərbaycan rəsmilərini cənab Yaqublunu və öz fundamental azadlıqlarını ifadə etdiklərinə görə həbs edilmiş bütün şəxsləri azad etməyə çağırırıq,” sözçü Turan müxbirinə bildirib.
ABŞ rəsmisi əlavə edib ki, Vaşinqton fundamental azadlıqları dəstəkləyir və Azərbaycandan bu sahədə öz öhdəliklərinə uyğun davranmağı gözləyir. “Bütün dünya boyu hökumətlər COVID-19 pandemiyasına reaksiya verdikcə biz Azərbaycan rəsmilərini insan haqlarına və fundamental azadlıqlara, o cümlədən azad mətbuatın ictimaiyyətə böhran və hökumətin ölçüləri barədə məlumatlandırmaq imkanlarına məhdudiyyətlərdən yayınmağa çağırırıq. Şəffaflıq və dürüst məlumat pandemiya zamanı sağlamlıq və insan təhlükəsizliyi üçün vacibdir.”
Tofiq Yaqublu martın 22-də saxlanılıb və martın 23-də Bakının Nizami rayon Məhkəməsi onun barəsində təqsirləndirilən şəxs qismində 3 aylıq həbs qətimkan tədbiri seçib.
Daxili İşlər Nazirliynin Mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, martın 22-də paytaxtın Nizami rayonu ərazisində Tofiq Yaqublunun idarə etdiyi “Toyota Corolla” markalı avtomobil Elxan Cəbrayılovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub. Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə cinayət işi başlanılıb.