"Cənab Pezeşkiyan! Siz İranın sahibi deyilsiniz!"

İranın nüfuzlu və köhnə qəzetlərindən olan "Keyhan"ın baş redaktoru və baş yazarı Hüseyn Şəriatmədari son məqaləsində Prezident Məsud Pəzeşkiyanın İranın xarici siyasəti ilə bağlı açıqlamalarını sərt şəkildə tənqid edib.

Az.rasthaber.com xəbər verir ki, Şəriatmədarinin yazısı belədir:

1- İranın dəyərli Prezidenti cənab Pəzeşkiyan, ABŞ-ın NBC televiziya kanalına verdiyiniz bir müsahibədə "İran prinsip etibarilə Trampın ikinci hökuməti ilə danışıqlara hazırdır" demisiniz. Üzr istəyərək bildirmək istəyirəm ki: "Cənab Pəzeşkiyan, siz İranın sahibi deyilsiniz! Siz İran Prezidentisiniz və icra səlahiyyəti sizə əmanət olaraq 4 illiyinə verilib. Bu əmanəti necə istifadə edəcəyiniz və səlahiyyətlərinizin hüdudları qanunlarla açıq şəkildə müəyyən edilib. Bu səbəbdən, NBC-yə verdiyiniz müsahibədə söylədiyiniz ifadələr; Birincisi, səlahiyyətlərinizin hüdudlarını aşır, ikincisi, aşağıda açıqlayacağımız səbəblərdən ölkəmizin milli mənafeləri ilə ziddiyyət təşkil edir, üçüncüsü, İran İslam Respublikasına düşmənçilik edən bir ölkəyə təslimiyyət mesajı göndərir. Bu düşmən, İrana və bu torpaqların insanlarına qarşı heç bir cinayət törətməkdən çəkinməmişdir.

2- Müsahibədə belə dediniz: "İranın heç vaxt Trampa qarşı sui-qəsd planı olmayıb!" Kaş NBC müxbirinə bu sualı verə biləydiniz:

"Tramp nə edib ki, ona qarşı sui-qəsddən qorxursunuz?" Belə bir sual versəydiniz, müxbir Trampın Şəhid Süleymanini və yoldaşlarını necə şəhid etdiyini etiraf etmək məcburiyyətində qalacaqdı. Sonra da bu sualı verə bilərdiniz: "Ölüm, terrorizmə qarşı mübarizədə ən təsirli və öndə gedən şəxsi öldürən biri üçün ən sadə və təbii cəza deyilmi?" Həmçinin, Trampın Hillari Klinton ilə debatında terror təşkilatı İŞİD-in Amerika tərəfindən yaradıldığını etiraf etdiyini xatırlada və bu sualı verə bilərdiniz: "İŞİD-i məhv edən şəxs Şəhid Süleymani deyildimi?" Niyə NBC müxbirinin Amerikanı deyil, İranı günahlandırmasına icazə verdiniz? Biz terrorist deyilik; lakin Tramp və bəzi əməkdaşları, məsələn keçmiş Xarici İşlər Naziri Mike Pompeo, Şəhid Süleymani və yoldaşlarının qatilləri kimi ölüm cəzasını haqq edir. Onların cəzalandırılması hər şərəfli və mömin İranlının dini və hüquqi vəzifəsidir. Bu səbəbdən, sizin vəzifəniz bir İranlı olaraq bu ilahi hökmü icra etmək olmalıdır, Trampla danışıqlar aparmaq və ya ona güzəştlər vermək deyil.

3 - Cənab Prezident mütləq bunu bilməlisiniz və bilirsiniz ki, danışıqlar bir növ bazarlıq deməkdir və bütün siyasi mədəniyyətlərdə üç əsas hissədən ibarətdir. Birinci mərhələ, danışıqların təməlini təşkil edən ortaq nöqtələrin müəyyən edilməsidir. İkinci mərhələ, bazarlıq və alma-vermə proseslərini əhatə edir, yəni hər iki tərəfin nə verəcəyi və qarşılığında nə alacağı barədə müzakirələr bu mərhələdə aparılır. Üçüncü mərhələ isə danışıqların yuxarı həddini təşkil edən yekun razılaşma və tərəflərin razılaşdığı nəticədir. İndi, cənab Pezeşkiyan və Amerika ilə danışıqların aparılmasını müdafiə edən digər şəxslərə bu suallar verilməlidir: Birincisi: Danışıqların təməlini təşkil edən ortaq nöqtələr hansılardır? Amerika açıq şəkildə İran İslam Respublikasını yıxmağı strateji bir hədəf olaraq gördüyünü və bu strateji xəttin hökumət dəyişikliklərindən təsirlənmədiyini dəfələrlə vurğulayıb. İkincisi: Danışıqların orta mərhələsində nə veriləcək və nə alınacaq? Amerika açıq şəkildə bizdən tam və heç bir məhdudiyyət olmadan İran İslam Respublikasının güclü tərəflərini və güc mənbələrini istədiyini söyləyib və bunları tələb edib: Hərbi sənayenizi, xüsusilə raket sənayenizi bağlamalısınız! Bölgədəki və beynəlxalq arenada mövcudluğunuz Amerika Birləşmiş Ştatları tərəfindən müəyyən edilən çərçivəyə uyğun olmalıdır! İsraili rəsmi olaraq tanımalısınız! Müqavimət Cəbhəsinə verdiyiniz dəstəyi çəkməlisiniz! və s... Üçüncüsü, açıqca göründüyü kimi, Amerika Birləşmiş Ştatları danışıqların yuxarı həddini əvvəlcədən müəyyən edib və bir sözlə İrandan Amerikanın köləsi olmasını istəyir! Və bu, hələ son nöqtə də deyil. Heç şübhəsiz, ölkəmizin güclü tərəflərini aradan qaldırdıqdan sonra rejimi devirmə layihəsini başladacaqlar!

4-Hörmətli Pezeşkiyan! Siz dəfələrlə hökumətinizin proqramının əziz Rəhbərin açıqladığı proqram və siyasətlərlə eyni olduğunu vurğuladınız. Sizin səmimiyyətinizdən ən kiçik bir şübhəmiz yoxdur. Lakin bəzi davranışlarınız ilə bəhs etdiyiniz model arasında bəzi fərqliliklər var. İndi, Rəhbərin ABŞ ilə danışıqları rədd etmə mövzusundakı saysız görüşlərindən bir neçəsinə toxunaq və Onun mələkuti mövqeyindən asılı olmayaraq, bu mövzuda təqdim etdiyi dəlilləri araşdıraq:

İslam İnqilabının Rəhbəri Ayətullah Xameneyi belə buyurmuşdur:

"Danışıqlar demək, bazarlıq deməkdir; yəni bir şey verirsən, bir şey alırsan. Bu bazarlıqda onların hədəf aldığı şey, məhz İslam Respublikasının güclü tərəfləridir; danışıqları bunun üzərindən aparırlar. Gəlin hava durumu, təbii qaynaqlar ya da ətraf mühit məsələləri haqqında danışaq demirlər; 'Müdafiə silahlarınız haqqında danışaq, niyə müdafiə silahınız var?' deyirlər."

"Müdafiə silahları bir ölkə üçün zəruridir. Onlar "Gəl, bu mövzuda danışaq" deyirlər. Danışmaq nə deməkdir? Yəni məsələn, deyək ki, şu məsafədə və şu həssaslıqda raket istehsal edirsiniz, bu məsafəni azaldın ki, bizim, yəni Amerikanın bazalarına çatmasın. Beləliklə bir gün sizi vursaq, siz bizə cavab verə bilməyin deyirlər. Bu bazarlıq mövzusu ola bilərmi? Bunu qəbul edərsinizmi? Əlbəttə ki qəbul etməzsiniz. Qəbul etmədiyinizdə də köhnə hamam, köhnə tas."

"Amerika ilə oturub danışaq, onlardan öhdəlik alaq, bunları edəcəksiniz, bunları etməyəcəksiniz, deyək, bu şəkildə problem həll olacaqmı? 1981-ci ildə, Əlcəzair Bəyannaməsi hadisəsində, girovların azad edilməsi məsələsində, siz Amerika ilə oturdunuz və danışdınız. Razılaşmalar etdiniz, bir sıra öhdəliklər aldınız, sərvətlərimizi azad edin, sanksiyaları qaldırın, ölkəmizin daxili işlərinə müdaxilə etməyin, biz də girovları azad edək dediniz. Bəs, Amerika bu öhdəliklərə əməl etdimi? Amerika sanksiyaları qaldırdımı? Amerika bloklanmış sərvətlərimizi geri verdimi? Xeyr, Amerika öhdəliklərə əməl etmir və verdiyi sözləri tutmur. Budur Amerika ilə danışıqların sonu. Ya da Nüvə Sazişində belə dedilər: "Sənaye sahəsindəki nüvə fəaliyyətlərinizi azaltsanız, (tam bağlayın deməyə cəsarət etmədilər) bu səviyyəyə endirərsinizsə, biz də sanksiyaları qaldıracağıq, bunu edəcəyik, onu edəcəyik dedilər. Bunları etdilərmi? Etmədilər. Danışıqlar, Amerika ilə olan problemlərimizi həll etmir."

Və bunlar kimi onlarla başqa sənəd və dəlil də mövcuddur.

5- Hörmətli Prezidentimiz, "İran, Tramp hökumətinin ikinci dövrü ilə danışıqlara hazırdır" dedi. Bu xüsusi məsələdə, cənab Pəzeşkiyanın diqqətini əziz Rəhbərimizin hikmətli və möhkəm dəlillərə əsaslanan bu ifadələrinə çəkmək lazımdır. Rəhbərimiz, Tramp ilə danışıqlar haqqında belə buyurmuşdu:

"Düzgün-dürüst bir adamla belə danışmaq səhvdir, amma indi bunlar adam belə deyillər. Dedikləri sözdən dönən, verdikləri öhdəlikləri pozan, heç bir şeyə bağlı qalmayan, nə əxlaqi, nə hüquqi, nə də beynəlxalq bir norma və ya ənənəyə bağlı olmayan insanlarla danışmaq axmaqlıqdır."

Bu sözlər, hələ Donald Tramp ABŞ-ın prezidenti olaraq terrorist bir əməllə Şəhid Qasım Süleymanini şəhid etməzdən əvvəl söylənmişdi.

6- Ötən həftə, İrana qarşı sanksiyaların memarı kimi tanınan Richard Nephew, ABŞ-ın Foreign Affairs jurnalında dərc olunan bir yazısında İrana qarşı sanksiyaların təsirli olmadığını dilə gətirdi. Həmçinin, İrana qarşı mümkün hərbi hücum haqqında bunları yazdı: "İrana hərbi hücumun nəticələri çox ağır olacaq. Bu cür bir hücumda ABŞ-ın məğlubiyyətə uğrama və nüfuz itirmə riski var. İranın nüvə obyektlərinə hücum da təsirsizdir." Richard Nephew həmçinin bunları vurğuladı: "Danışıqlar, İranla başa çıxmağın və onu nəzarət altına almağın yeganə yoludur." Cənab Pezeşkiyan, buna diqqət edin! Amerika açıqca danışıqları İranla mübarizə etməyin tək yolu olaraq görür. Ancaq siz (və sizi əhatə edən, keçmişdə problemli və sistemə zidd davranışlar sərgiləyən bəzi şəxslər), problemlərin həlli üçün danışıqlar axtarışında olduğunuzu bildirirsiniz!

7- Sonda, kaş hörmətli Prezidentimiz ətrafını problemli və sistemlə tərs düşən şəxslərdən təmizləsə. Bu şəxslər, dəfələrlə inqilab və rejimə olan inamsızlıqlarını göstərmiş və bir çox halda İran İslam Respublikasının açıq düşmənləri ilə eyni istiqamətdə bir davranış sərgiləmişlər.

Hüseyn Şəriətmədari

Xəbəri paylaş

VİDEOLAR