Ötən həftə Pekində Covid-19-a yoluxma hadisələrinin sayında kəskin artım qeydə alınıb.
Rasthaber Azərbaycan BBC-yə istinadən xəbər verir ki, yoluxma hadisələrinin demək olar ki, hamısı nəhəng topdansatış ərzaq bazarı ilə əlaqəli olub.
Dövlət mediasının məlumatına görə, virus Xinfadi bazarında qızılbalığın doğrandığı lövhələrin üzərində aşkar edilib.
Bu məqam bütün ölkə boyu narahatlığa səbəb olub.
Pekindəki supermarketlər və restoranlar öz rəflərindən və menyularından qızılbalıq məhsullarını dərhal yığışdırıblar, Avropadan qızılbalıq idxalı dayandırılıb.
Lakin Çin Xəstəliklərə Nəzarət Mərkəzi (CDC) bildirib ki, qızılbalığın virus daşıyıcısı olması ehtimalı yox dərəcəsindədir.
CDC qeyd edib ki, buna dair heç bir sübut yoxdur. Ekspertlər razılaşıb ki, virusun qızılbalıqda yox, bazarın özündə olması daha ağlabatandır.
"İndiyədək müəyyən edilmiş bütün hallarda virusun yapışdığı reseptorların balıqlarda deyil, yalnız məməli orqanizmlərdə mövcud olduğu aşkar edilib," - Tsinghua Universitetinin virusoloqu Tsingua Gong Çin mediasına bildirib.