Şotlandiyada yaşı 22-dən aşağı olan sakinlər avtobuslarda pulsuz gediş hüququ əldə ediblər. Yanvarın 31-dən qüvvəyə minən yeni qayda təxminən 930.000 nəfəri əhatə edir.
Az.rasthaber.com AZƏRTAC-a istinadən xəbər verir ki, avtobuslarda pulsuz getmək üçün smart-çiplərlə təchiz olunmuş NEC və ya Young Scot NEC adlı yeni milli kart əldə etmək lazım gələcək. Sərnişinlər avtobusa minərkən haraya getdiklərini sürücüyə bildirməli və gediş kartını oxuyucu qurğuya yaxınlaşdırmalıdırlar.
Gediş haqqının bir qismi nəqliyyat şirkətlərinə Şotlandiya hökuməti tərəfindən ödəniləcək. Hökumət bu şirkətlərə yaşı 5-dən 15-ə qədər olan hər sərnişin üçün biletin qiymətinin 43,6 faizini və 16-21 yaşlarında olan hər sərnişin üçün biletin qiymətinin 81,2 faizini ödəyəcək.
Yeri gəlmişkən, Şotlandiyada imkanları məhdud sakinlər, yaşlı insanlar və 5 yaşa qədər uşaqlar avtobuslarda pulsuz gedirlər. Yeni qayda belə güzəştlərə malik olanların sayını artıraraq 2,3 milyon nəfərə çatdıracaq.