Rəcəb ayının 25-i İmam Museyi Kazimin (ə) şəhadət günüdür.
Həzrətin adı Musa, ləqəbi Kazim, anası Həmidə adlı çox fəzilətli bir qadın, atası isə altıncı İmam Həzrət Sadiq (ə) olub.
İmam Museyi-Kazim (ə) hicri qəməri tarixi ilə 128-ci ildə Səfər ayının 7-də Məkkə ilə Mədinə arasında yerləşən Ó˜bva adlı yerdə İmam Cəfər Sadiqin (ə) ailəsində dünyaya göz açıb. İmamın həyatı iki hissəyə bölünür:
1. İmamlıqdan qabaqkı dövr, hicri 128-dən 148-ə qədər (20 il)
2. İmamlıq dövrü, hicri 148-ci ildən 183-cü ilə kimi (35 il). O həzrətin imamlıq dövrü Abbasi xəlifələri Mənsur Dəvanaqi, Mehdi Abbasi və Harun-Ər-Rəşidin hakimiyyətinə təsadüf edib. Onun imamlıq dövrünün çoxu (23 il, 2 ay, 17 gün) Harunun xilafəti dövrünə təsadüf edib.
Hicrətin yüz qırx səkkizinci ilində İmam Sadiq (ə) şəhid olduqdan sonra İmam Kazimin (ə) İmamlıq dövrü başlayib. Müsəlmanların 7-ci imamı Hicri qəməri tarixi ilə 182-ci il Rəcəb ayının 25-də Abbasi xəlifəsi Harunun əmri ilə zəhərləndirilib. İmam hicrətin yüz səksən üçüncü (başqa bir versiyaya görə isə yüz səksən altıncı) ilində Rəcəbin 25-də şəhid olub.
Onun anası Həmidə adlı bir xanım olub. 7-ci imam 54 il ömür sürüb və bu illərdən 35-ni müsəlmanlara imamlıq edib. İmamın həyatının son dövrü zindanlarda keçib və elə şəhadətə də zindanda yetişib. Maraqlı məqamlardan biri onun yerləşdirildiyi məhbəslərin 3 dəfə dəyişdirilməsindən ibarətdir.
Buna səbəb isə həm Bəsrə, həm də Bağdad zindanlarının rəislərinin Harun ər-Rəşidə müraciətləri olub. Yüksək əxlaqı, imanı ilə imam zindandakılara o qədər təsir göstərib ki, artıq onlar Peyğəmbər (s) övladının dəmir barmaqlıqlar arxasında qalmasının nə dərəcədə böyük cinayət olmasını anlayıb, bu haqsızlığa şərik olmaqdan çəkiniblər. Elə buna görə də, Bəsrədən xəlifəyə belə bir ismarıc gəlib: “Onu geri al, yoxsa azad edəcəyəm!”.
Təbii ki, Harun bu minvalla hakimiyyətinin əsaslarının sarsılmasının qaçılmaz olacağını anlayırdı. İmamın haqq səsini boğmaq, onu Allahın müəyyət etdiyi yoldan döndərmək mümkünsüz idi. Nəticədə İmam Museyi-Kazim (ə) məsum əcdadları kimi şəhid edildi.
İmam Museyi-Kazimin (ə) Azərbaycan ilə bilavasitə əlaqəsi var. Həzrətin qız övladları Rəhimə xanım və Həkimə xanım Abbasilərin Əhli-Beytə (ə) qarşı həyata keçirdiyi təqiblərdən və zülmlərdən xilas olmaq üçün məmləkətimizə pənah gətirib, həyatlarının qalan hissəsini burda yaşayıb və bu torpaqda dəfn ediliblər.