Səudiyyə Ərəbistanı Bəqi qəbiristanlığında Əhli-Beyt İmamlarının (ə) məzarlarını ziyarət etmək üçün qoyulan məhdudiyyətləri yüngülləşdirmək üçün göstərişlər verib.
Az.rasthaber.com "İslamazeri.com"a istinadən xəbər verir ki, bu qərar Şəvval ayının səkkizinci gününə təsadüf edən Bəqi məzarlığındakı pak qəbirlərin sökülməsinin ildönümü ərəfəsində verilib.
Mənbələr Səudiyyə Ərəbistanının Bəqi qəbiristanlığında qoyulan bəzi qadağaları yüngülləşdirildiyini və müqəddəs məzarlığa giriş vaxtlarının uzadıldığını bildirib.
Mədinəyə gələnlərin və Bəqidəki pak qəbirləri ziyarət etmək istəyənlərinin sayının artması fonunda verilən yeni qərara əsasən, ziyarətçilər artıq Bəqi məzarığına yalnız günəş çıxanda və günorta vaxtı deyil, həm də günortadan gün batana kimi daxil ola biləcəklər.
Lakin hələ də qadınların bu məzarlığa daxil olması və onun qapılarının arxasında toplanması qadağandır.
Qeyd edək ki, Bəqi qəbiristanlığında dörd Əhli Beyt İmamı (ə) dəfn olunub. Bunlar İmam Həsən Müctəba (ə), İmam Səccad (ə), İmam Baqir (ə) və İmam Sadiqdir (ə). Burada, həmçinin Peyğəmbərin (s) əmisi Abbas (ə) və Həzrət Əbəlfəzlin (ə) anası Ümmül-Bəninin (s.ə) də məzarları yerləşir.