Münaqişənin davam etdiyi Qəzza zolağında müntəzəm yanacaq axınının olmaması səbəbindən yardımların paylanmasında ciddi problemlər yaşanır.
Az.rasthaber.com xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (OCHA) rəsmi ''X''
internet səhifəsində edilən paylaşımda Qəzzaya keçidlərin günlərlə bağlı olduğu, girişin təhlükəsiz və logistik baxımdan uyğun olmadığı qeyd edilib.
“Yardımın çatdırılması müntəzəm yanacaq axınının olmaması, qeyri-sabit kommunikasiyalar və davam edən münaqişə səbəbindən demək olar ki, mümkün deyil”, - deyə paylaşımda vurğulanıb.
Paylaşımda bu vəziyyətin 2 milyondan çox fələstinliyə mənfi təsir göstərdiyi qeyd olunub.
İsrail ordusu mayın 7-də Rəfahdakı sərhəd-buraxılış məntəqəsini işğal edib. İsrailin intensiv hücumlarına məruz qalan Qəzzada ərzaq qıtlığı günü-gündən artır.
İsrail qüvvələrinin Rəfah sərhəd-buraxılış məntəqəsini zəbt etməsi və sərhəd-buraxılış məntəqəsinin bağlaması səbəbindən Qəzzaya daxil olan yardım maşınlarının sayının əhəmiyyətli dərəcədə azaldığı bildirilir.