BMT-dən İsrailə: Fələstinin işğalına dərhal son qoyulmalıdır

BMT-dən İsrailə: Fələstinin işğalına dərhal son qoyulmalıdır

İşğal altındakı Fələstin, Şərqi Qüds və İsrail üzrə Müstəqil Beynəlxalq Araşdırma Komissiyası beynəlxalq ictimaiyyəti beynəlxalq hüquqa uyğun olaraq Fələstinin işğalına son qoymaq üçün İsraili yeni yollar axtarmağa çağırıb.

Az.rasthaber.com Türkiyə mediasına istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) nəzdində yaradılmış İşğal olunmuş Fələstin, Şərqi Qüds və İsrail üzrə Müstəqil Beynəlxalq Araşdırma Komissiyası beynəlxalq ictimaiyyəti İsrailin beynəlxalq hüquqa riayət edərək Fələstinin işğalına son qoyması üçün yeni yollar axtarmağa çağırıb.

BMT İnsan Hüquqları Şurasının 50-ci Sessiyasında Baş Assambleyada çıxış edən Komissiya sədri Navi Pillay komissiyanın 7 iyunda Fələstinə dair yayımladığı hesabatında yer alan “İsrailin Fələstin ərazilərini işğalı və Fələstin xalqına qarşı ayrı-seçkiliyi davam etdirməsi regiondakı qeyri-sabitlik və münaqişələrin əsas amilidir" ifadəsini təkrarlayıb.

Yeni İsrail hökumətinin Fələstinin işğalı ilə bağlı siyasətləri gücləndirməkdən başqa bir iş görmədiyini ifadə edən Pillay "İordan çayının qərb sahilinin Mesafir Yatta bölgəsindəki minlərlə fələstinlinin zorla evlərindən çıxarıla biləcəyinə dair Ali Məhkəmə qərarı işğal prosesini daha da gücləndirdi" deyib.

Komissiyanın Fələstindəki hüquq pozuntularını araşdırmaq üçün İsrail hökuməti ilə əlaqə saxlamağa çalışdığını vurğulayan Pillay İsrailin Komissiyanın işğal olunmuş Fələstin ərazilərinə girişini təmin etməkdən imtina etdiyini qeyd edib.

BMT-nin İsraillə bağlı qətnamələrinin yerinə yetirilməməsinin İsrailin Fələstində sistematik zorakılıqlarının təkrarlanmasına səbəb olduğunu bildirən Pillay “İsrailin əvvəlki komissiyaların əldə etdiyi məlumatlar və tövsiyələrini həyata keçirmək üçün konkret addımlar atmaqdan imtina etməsi səbəbindən beynəlxalq ictimaiyyət İsrailin beynəlxalq hüquqa riayət etməsini təmin etmək üçün yeni yollar axtarmalıdır” deyib.

Beynəlxalq ictimaiyyətin indiyə qədər İsrail işğalına son qoymaq üçün ciddi addımlar ata bilmədiyini vurğulayan Pillay “İşğala dərhal son qoyulmalı, Fələstin və İsraildəki hər kəs üçün qonşuları ilə birlikdə sülh və əmin-amanlıq içində yaşamaq da daxil olmaqla, bütün hüquqları heç bir ayrı-seçkilik olmadan təmin edilməlidir" çağırışı edib.

Qeyd edək ki, mərkəzi qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşən BMT-nin İnsan Hüquqları Şurası 2021-ci il mayın 27-də Şərqi Qüds də daxil olmaqla işğal olunmuş Fələstin ərazilərində insan hüquqlarının pozulması hallarını araşdırmaq üçün müstəqil beynəlxalq araşdırma komissiyasının təcili yaradılmasını ehtiva edən qərar qəbul edib.

İyunun 7-də Komissiya Cenevrə və İordaniyadakı təmasları ilə yanaşı İsrail və Fələstin qeyri-hökumət təşkilatları daxil olmaqla bir sıra tərəflərlə məsləhətləşərək 14 səhifəlik ilk hesabatını açıqlayıb.

İstintaq komissiyası bəyan edib ki, “İsrailin Fələstin torpaqlarını işğal etməsi və Fələstin xalqına qarşı ayrı-seçkiliyi davam etdirməsi” bölgədə təkrarlanan gərginlik, qeyri-sabitlik və qarşıdurmaların əsas səbəbidir.

Komissiya onu da vurğulayıb ki, İsrailin Fələstin ərazilərindəki işğalına son qoyulması bölgədə davam edən zorakılıq spiralına son qoymaq üçün həyatı əhəmiyyət daşıyır.

Xəbəri paylaş

VİDEOLAR