BMT: 23,4 milyon yəmənlinin humanitar yardıma ehtiyacı var

BMT: 23,4 milyon yəmənlinin humanitar yardıma ehtiyacı var

BMT-nin Humanitar yardımlar üzrə komissarının müavini Coys Msuya Yəməndə müharibədən əziyyət çəkən milyonlarla insanın həyatını qorumaq üçün humanitar yardımı gücləndirməyə çağırıb.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, Msuya BMT-nin rəsmi saytında dərc etdiyi bəyanatda bildirib ki, Yəməndə təxminən 23,4 milyon insan, yəni əhalinin üçdə ikisindən çoxu humanitar yardıma ehtiyaclıdır, 17 milyon insan isə qida çatışmazlığından əziyyət çəkir.

Yəməndə doqquz günlük monitorinqini və missiyasını yekunlaşdıran BMT rəsmisi əlavə edib: “Burada qadınlar və uşaqlar arasında qida çatışmazlığı nisbəti dünyada ən yüksək göstəricilər arasındadır. Belə ki 1,3 milyon hamilə və ya uşaq əmizdirən qadın və 2,2 milyon beş yaşından kiçik olan uşaq kəskin qida çatışmazlığından əziyyət çəkir və müalicəyə ehtiyac duyur.”

O qeyd edib ki, yeddi ildən artıq davam edən münaqişədən sonra apreldə BMT-nin himayəsi ilə əldə olunan atəşkəs mülki əhali arasında itkilərin azalmasına səbəb olub və çox ehtiyac duyulan yanacaq tədarükünün ölkəyə daxil olmasına nisbətən yol açıb.

Birləşmiş Millətlər Təşkilatı bu ayın ikisində rəsmən başa çatan atəşkəsin uzadılması və genişləndirilməsinə çağırıb.

Səfəri zamanı müxtəlif qruplarla danışan Msuya, "Atəşkəs başlayandan bəri əldə edilmiş mühüm irəliləyişlərə baxmayaraq, Yəməndə hələ də böyük humanitar yardımlara ehtiyaclar var" deyib.

“Şübhə yoxdur ki, donorların davamlı öhdəliyi olmadan milyonlarla insan ac qalacaq və qida çatışmazlığından əziyyət çəkən milyonlarla uşağın həyatı risk altında olacaq. Bu, Yəmən üçün kritik vaxt deməkdir”, deyə o əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR