Bloger Cəmil Məmmədlini 8 ildən çox həbs cəzası gözləyir

Bloger Cəmil Məmmədlini 8 ildən çox həbs cəzası gözləyir

Fevralın 29-da Sumqayıt Ağır Cinayətlər Məhkəməsində bloger Cəmil Məmmədlinin işi üzrə prosesdə dövlət ittihamçısı yekun sözlə çıxış edib və Məmmədlinin 8 il 3 ay azadlıqdan məhrum edilməsini istəyib.

Az.rasthaber.com "Turan"a istinadən xəbər verir ki, Cəmil Məmmədli Cinayət Məcəlləsinin 221.2.2 ((xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə), 178.2 (dələduzluq, eyni əməllər bir qrup şəxs tərəfindən törədildikdə) maddələrilə təqsirləndirilir.

Vəkil Fariz Namazlı müdafiə çıxışında bildirib ki, məhkəmədə ittihamlar sübuta yetirilməyib və şikayətçilərlə barışıq əldə olunduğundan jurnalistə bəraət verilməli, o azadlığa buraxılmalıdır.

Növbəti məhkəmə iclası martın 7-də olacaq.

İttiham tərəfinin iddiasına görə, 2022-ci ilin dekabrında Xaçmaz rayonunda baş verən yol-nəqliyyat qəzasından sonra Məmmədli iki nəfərə bədən xəsarəti yetirib.

"Tələb etmə" və "dələduzluğa" gəlincə, bu, bir neçə şəxsin şikayətinə əsaslanır.

“Bu, Həbibovlar ailəsilə bağlıdır. Onların anası 2010-cu ilədək bazarın müdiri olub və öldürülüb. Qətlin üstü hələ də açılmayıb. Həbibovlar iddia edir ki, 2017-ci ildə Cəmil Məmmədli onlara zəng edib ki, qətlin üstünü açacaq və prokuroluğa guya qanunsuz təsir göstərəcək. Bu məqsədlə onlardan 10 min manat pul alıb. Bir neçə zərərçəkən var. Onlar iddia edirlər ki, Məmmədli onlardan pul alıb. Lakin işdə Məmmədliyə bu məbləğin verilməsini təsdiqləyən heç bir dəlil yoxdur”, - vəkil qeyd edib.

Digər zərərçəkənlər bildiriblər ki, Məmmədli həmin adamları gözdən salan məlumatların sosial şəbəkələrdən çıxarılması müqabilində onlardan pul tələb edib.

Lakin zərərçəkənlərin özləri təsdiq ediblər ki, pulu Məmmədliyə şəxsən yox, vasitəçilə çatdırıblar. İstintaq zamanı həmin adam pul aldığını etiraf edib, lakin onu təqsirləndirilən şəxs qismində cəlb etməyiblər, vəkil deyib.

Əvvəllər Məmmədli "Azadlıq” radiosu"nun Azərbaycan xidmətilə əməkdaşlıq edib. Son illərdə əsasən sosial şəbəkələrdə çıxış edib. Eyni zamanda, Quba rayonunun icra başçısı da daxil olmaqla, ona qarşı diffamasiya üzrə neçə iddia qaldırılıb. Bu iddialar üzrə Məmmədli islah işlərinə məhkum edilib. Cəmil Məmmədli yerli hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.

Xəbəri paylaş

VİDEOLAR