Sionist İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Qəzza zolağında humanitar yardımı gözləyən fələstinlilərə atəş açaraq 112 nəfəri şəhid edən və yüzlərlə insanı yaralayan sionist rejim əsgərlərini “qəhrəman” adlandırıb.
Az.rasthaber.com xəbər verir ki, Ben-Qvir, sosial media platformasındakı yazısında deyib:
"Qəzzada xidmət edən və onlara zərər verməyə çalışan qəzzalı kütləyə qarşı gözəl rəftar göstərən qəhrəman əsgərlərimizə hərtərəfli dəstək verilməlidir".
Qəzza zolağına humanitar yardımın daxil olmasını dayandırmağa çağıran Ben-Qvir "İsrailli əsirlərin Qəzzada standartların altında saxlanıldığı bir vaxtda Qəzzaya humanitar yardım göndərilməsinin təkcə çılğınlıq deyil, həm də İsrail əsgərlərini təhlükə altına saldığını" iddia edib.
Sionist İsrail ordusu səhər saatlarında Qəzza şəhərinin cənubunda, Qəzza zolağının şimaldan cənuba birləşdirən Rəşid küçəsində yerləşən Nəblusi qovşağında humanitar yardım gözləyən fələstinliləri bombardman və atəşlə hədəfə alıb və 112 fələstinli şəhid olub. Hücum zamanı 760 fələstinli yaralanıb.
Qəzzada hökumətin verdiyi açıqlamada İsrailin humanitar yardım gözləyənlərə hücumunun "qəsdən və planlı" olduğu vurğulanıb:
"İşğal ordusu bu insanların bölgəyə humanitar yardım almaq üçün gəldiyini bilsə də, soyuqqanlılıqla qətlə yetirib".