ABŞ prezidenti Co Bayden gələn ay Yaxın Şərqə səfər planlaşdırır. O bu səfər çərçivəsində İsrail rəsmilərinin iştirakı olmadan Qüdsün şərqinə baş çəkəcək.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə İsrailin bir neçə media qurumu məlumat yayıb.
İsrailin rəsmi “Teleradio Yayım Şurası”nın saytı makan.org bildirib ki, ABŞ prezidenti Co Bayden gələn ay bölgəyə nəzərdə tutduğu səfərində fələstinlilərin lehinə addım atdığını nümayiş etdirmək üçün Qüdsün şərqinə gedəcək və burada İsrail rəsmilərinin müşayiəti olmadan əraziyə baş çəkəcək.
Mənbə əlavə edib ki, Baydenin bu addımı, ABŞ-ın yeni hökumətinin mövqeyində Qüdsün bütününün İsrailin deyil, əslində İsraillə fələstinlilər arasında bölünməsi anlamına gəlir.
Qeyd edək ki, sabiq ABŞ hökuməti Qüdsü İsrailin paytaxtı elan edib və Təl-Əvivdəki səfirliyini bura köçürüb. Ərəb dövlətlərinin çoxu və dünya ictimaiyyəti İsrail-Fələstin münasişəqsilə bağlı iki dövlətin təsisi prinsipini irəli sürürlər ki, Qüdsün şərqi gələcək Fələstin dövlətinin paytaxtı kimi təklif edilir.