Bayden ABŞ prezidenti kimi and içdi - ƏTRAFLI

Bayden ABŞ prezidenti kimi and içdi - ƏTRAFLI

Çərşənbə günü Vaşinqtonda koronavirus pandemiyası səbəbi ilə miqyası azaldılmış inaqurasiya mərasimində Co Bayden ABŞ-ın yeni prezidenti, Kamala Harris isə ilk qadın vitse-prezidenti olaraq and içiblər.

Rasthaber Azərbaycan VOA-ya istinadən xəbər verir ki, mərasim ənənəyə uyğun olaraq Kapitoli qarşısında yüksək rütbəli dövlət rəsmiləri və görkəmli siyasi xadimlərin iştirakı ilə keçirildi.

78 yaşlı Bayden 36 il senator, 8 il vitse prezident qismində fəaliyyət göstərdikdən sonra ölkə tarixində ən yaşlı prezident olaraq fəaliyyətə başlayır.

Soyuq yanvar günündəki andında Bayden ABŞ Konstitutsiyasına riayət edəcəyini, ölkəni bütün düşmənlərdən qoruyacağını bəyan etdi.

Birlik notunda söylədiyi nitqdə Bayden "bütün amerikalıların" prezidenti olacağını, ölkədə qütbləşməyə son qoymaq üçün çalışacağını vəd etdi.

Bundan bir az öncə Kaliforniya ştatını təmsil etmiş sabiq senator Kamala Harris vitse-prezident kimi and içdi. O, iki əsrdən çox müddətlik ABŞ tarixində ən yüksək vəzifə tutan qadındır. Harrisin etnik mənşəyi Afrika və Hindistandan qaynaqlanır.

Öz inaqurasiya nitqində Bayden dedi: “Xalqın iradəsi eşidilib və xalqın iradəsinə riayət olunub. Biz öyrəndik ki, demokratiya qiymətlidir və demokratiya zərifdir. Bu saatda, mənim dostlarım, demokratiya zəfər çalıb.”

“Bu, Amerikanın günüdür. Bu, demokratiyanın günüdür. Tarixi və ümidlə dolu bir gün, yenilənmə və dəyanət günü,” o, əlavə edib.

Ölkədə son illərdə dərinləşən siyasi qütbləşməyə toxunan Bayden qeyd edib:

"Siyasət öz yolundakı hər şeyi yandırıb yaxan alov olmalı deyil. Hər bir fikir ayrılığı total müharibə üçün əsas olmalı deyil. Və biz faktların manipulyasiya olunduğu, hətta uydurulduğu mədəniyyəti rədd etməliyik."

Amerikanın dünyadakı rolu haqda baxışlarını ifadə edən Bayden "Amerikanı yenidən dünyada xeyirin aparıcı qüvvəsinə" çevirmək üçün çalışacağını bəyan edib.

"Biz sadəcə qüdrətimizin nümunəsi ilə deyil, nümunəmizin qüdrəti ilə yol göstərəcəyik."

Andiçmə mərasiminə Birləşmiş Ştatların üç sabiq prezidenti - Barak Obama, Corc W. Buş və Bill Klinton qatılıb. Vəzifəsini tərk etməkdə olan Donald Tramp 152 il sürən ənənədən ayrılaraq varisinin andiçmə mərasmində iştirak etməyib. Vitse Prezident Mayk Pens isə mərasimdə olub.

Budəfəki inaqurasiya mərasimi adətən olduğu kimi Kapitolidən Milli Xiyabana qədər yüz minlərin izdihamı ilə müşayiət olunmayıb. Onun yerinə ABŞ-ın ştat və bölgələrini təmsil edən 200 min bayraq taxılıb.

Vəzifəyə başlamazdan əvvəl Bayden xalqa ABŞ-da 400 min insanın ölümünə və iqtisadiyyatda böhrana səbəb olan pandemiyanın qarşısında dayanmaqla bağlı birlik mesajını çatdırmışdı.

“Sağalmaq üçün bunu xatırlamalıyıq. Bəzən xatırlamaq çətin olur, lakin biz bu şəkildə sağala bilərik” - deyə, Bayden pandemiya səbəbindən həyatlarını itirənlərin xatirəsini anmaq üçün təxminən 400 işığın yandırıldığı Linkoln Memorialının qarşısında etdiyi çıxışı zamanı bildirib.

”Bunu bir dövlət olaraq etməliyik, bu səbəbdən bu gün buradayıq. Gün batandan gün doğana qədər qaranlıqda bu hovuz boyunca işıqları yandıraraq, itirdiklərimizin hamısının xatirəsini anaq,” Bayden deyib.

“Bir millət olaraq qarşılaşdığımız böhranlarla mübarizə aparmaq üçün bir saniyə belə itirməməliyikr” deyərək,and içdikdən sonra dərhal işə başlayacağına söz verib

Bayden və həyat yoldaşı Cill, Kamala Harris və əri Doq Emhoff birlikdə çərşənbə günü Vaşinqtondakı St. Matthew the Apostle kilsəsindəki ibadətdə iştirak edib.

İbadətin başlandığı vaxt vəzifəsindən gedən prezident Donald Tramp Ağ Evi tərk edib və Floridadakı iqamətgahına yola düşüb.

Bir gün öncə Özünün Oval Ofisdə son tam günündə Prezident Donald Tramp varisi Demokrat Co Baydenə onun adını çəkmədən dualarını və xoş arzularını çatdırıb.

“Bu həftə biz yeni administrasiyanı inaqurasiya edirik və Amerikanı təhlükəsiz və firavan saxlamaq üçün onun uğuruna dua edirik,” Tramp prezidentlik dönəminin bitməsinə 20 saat qalmış internetdə yerləşdirdiyi videoda deyib. “Biz həm də xoş arzularımızı çatdırırıq. Və biz istəyirik ki, onların bəxti gətirsin – çox mühüm sözdür.”

20 dəqiqəlik çıxışında Tramp “dünya tarixində ən möhtəşəm iqtisadiyyat” qurduğunu deyib. O, həmçinin “son onilliklərdə yeni müharibə başlatmamış ilk prezident olması ilə xüsusi iftixar” duyduğunu bildirib.

Nümayəndələr Palatasının Spikeri Nensi Pelosi Trampa qarşı ikinci impiçment qərarını bu həftənin sonlarında Senata göndərəcək. Bu addım sonrakı gündə Senatda rəsmi prosesin başlanmasına yol açır.

Demokratların nəzarət etdiyi Nümayəndələr Palatası 10 Respublikaçının da dəstəyi ilə Trampı “üsyana təşviq” ittihamı ilə impiç edib. Bu addım 6 yanvarda prezidentin səsvermənin nəticələrini aradan qaldırmaq üçün mübarizəyə çağırışından az sonra Tramp tərəfdarlarının Kapitoliyə basqın etməsindən sonra atılıb.

Xəbəri paylaş

VİDEOLAR