Bakıda Mərkəzi Seçki Komissiyasının qarşısında parlament seçkisinin nəticələrinə etiraz edən etirazçılar saxlanıb.
Bakıda Mərkəzi Seçki Komissiyasının qarşısında parlament seçkisinin nəticələrinə etiraz edən etirazçılar saxlanıb.
Polis təxminən axşam saat 8 radələrində onları məcburi olaraq avtobusa mindirib.
Onların hara aparıldığı barədə hələlik məlumat yoxdur.
Jurnalist Aynur Elgünəş avtobusdan açdığı canlı yayımında döyüldüyünü deyib.
Daxili İşlər Nazirliyinin sözçüsü Ehsan Zahidov BBC News Azərbaycancaya deyib ki, bir qrup şəxs razılaşdırılmamış aksiya keçirməyə cəhd edib və ictimayi asayişi pozub.
"Ərazidəki polis əməkdaşları onlara dəfələrlə xəbərdarlıq etsə də, polisin qanuni tələblərinə məhəl qoymayıblar. Qanunsuz aksiyanın qarşısı alınıb".
Ehsan Zahidov neçə nəfərin saxlanması barədə onda məlumatın olmadığını desə də, "narahatlığa heç bir əsas yoxdur" deyə qeyd edib.
O, polislərin etirazçılara və jurnalistlərə zor tətbiq edilməsi iddialarını təkzib edib.
Avtobusda kimlər var?
"Hazırda polislər bizi avtobusa yığıb aparır, amma hara aparır bilmirik. Polisdirlər, mülki geyimlidirlər, idmançıdırlar, bilmirəm, amma avtobusa yığıb aparırlar", etiraz aksiyada iştirak edən Vəfa Nağı avtobusdan açdığı canlı yayımında deyib.
Vəfa Nağının sözlərinə görə, avtobusda etirazçılarla birgə polislər də var. Görüntülərdə Vəfa Nağıdan bir neçə dəfə canlı yayımın dayandırılması istənilir.
Bundan əvvəl hadisə yerinə gələn və özünü 5 saylı polis məntəqəsinin rəisi kimi təqdim edən şəxs oturaq etirazçıları dağılmağa çağırıb və onlara bu aksiyanın icra orqanları ilə razılaşdırılmadığını qeyd edib.
Etirazçıların tələbi nədir?
9 fevral parlament seçkisinin bəzi keçmiş namizədləri və fəalları "seçki nəticələrinin ləğv olunmasını" tələb ediblər.
"Tələbimiz də budur ki, ölkə üzrə 125 dairənin 125-də də nəticələr ləğv olunmalıdır", 10 saylı Binəqədi 3-cü seçki dairəsindən müstəqil namizəd Rəbiyyə Məmmədova BBC News Azərbaycancaya bildirib.
"Ölkə üzrə total saxlaşdırılma, parlament seçisində saxtakarlığa görə etiraz aksiyası keçiririk. Oturaq aksiyaya keçmişik. 125 dairənin 125-də də biabırçılıqlar olub və bunlar sosial mediada neçə gündür dolaşır. MSK-nın sədri Məzahir Pənahov açıqlama verib ki, çox şəffaf seçki keçirilib, buna etiraz olaraq gəlmişik", o əlavə edib.
Aksiya necə başlayıb?
Hadisə yerində olan müxbirimiz deyir ki, aksiya günorta saatlarından başlayıb.
MSK nümayəndəsi bütün təqdim olunan materialların 20 gün ərzində araşdırılacağını deyib.
MSK-nın nümayəndəsi oturaq aksiyaçıları söhbətə çağırıb, etirazçılar təklifi rədd ediblər.
MSK nümayəndəsi bütün təqdim olunan materialların 20 gün ərzində araşdırılacağını deyib.
MSK binası önünə gələn Müsavat partiyasının rəsmisi Gülağa Aslanlı Müsavat partiyası adından dəstək bəyanatı verib:
"Müsavat partiyası gənclərin bu cəsarətli addımını dəstəkləyir. Xalq artıq etiraz səsini qaldırıb. Bu proses ölkə boyu bölgələrdə də yeni parlament seçkiləri keçirilənədək davam edəcək", - o deyib.
Fevralın 9-da Azərbaycanda erkən parlament seçkisi keçirilib.
MSK sədri Məzahir Pənahov seçkinin "uğurlu" keçdiyini bildirib və ölkə üzrə ümumi seçki fəallığının 47,81 faiz olduğunu deyib.