“İran” qəzetində Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynovun müsahibəsi dərc olunub.
Rasthaber Azərbaycan AzerTac-a istinadən xəbər verir ki, səfir Ermənistanın yalan təbliğatını ifşa edərək Azərbaycanın erməni separatizmi üz-üzə qaldığını bildirib və cəbhə xətindəki vəziyyət barədə danışıb.
Qeyd olunub ki, Azərbaycanın radikal dini qruplardan istifadə etməsi barədə Ermənistanın yalan xəbərlər yayması həqiqətə uyğun deyil. Əvvəla, buna ehtiyac yoxdur. Çünki Azərbaycan Ordusu kifayət qədər döyüş qabiliyyətinə və ən müasir hərbi təchizata malikdir. Bunu işğal olunan ərazilərin ordumuz tərəfindən bir-birinin ardınca azad edilməsi sübuta yetirib. Digər tərəfdən isə radikal dini qruplardan istifadə Azərbaycan xalqının dini etiqadına ziddir. B.Hüseynov İran mətbuatında radikal qrupların Azərbaycan tərəfindən döyüşməsi haqqında yayılan xəbərlərə kəskin etiraz edib.
Diplomat qeyd edib ki, Azərbaycan bu münaqişənin danışıqlar yolu ilə həllini istəyir. Amma təəssüflər olsun ki, Ermənistan tərəfi məsələni sülh yolu ilə həlli üçün iradə nümayiş etdirmədi. Ancaq təxribat xarakterli hərəkətləri ilə atəşi alovlandırdı. Rusiyada əldə edilən atəşkəs razılaşmasını pozan da Ermənistan oldu. Hazırda hərbi mənbələr hansı raketin nə vaxt və haradan haraya doğru atıldığını, atəşkəsi kimin pozduğunu asanlıqla aydınlaşdırır. Bu müddət ərzində Ermənistan tərəfi bir mülki şəxsin belə Azərbaycan Respublikası tərəfindən hədəfə alındığını iddia edə bilməz. Lakin Ermənistan Gəncə şəhərini artilleriya atəşinə tutdu və mülki şəxslər, o cümlədən azyaşlıları və qadınları qətlə yetirdi. Ermənistanın atəşkəsi pozmaqda məqsədi azad edilmiş şəhərləri və döyüş meydanında itirdiyi mövqeləri geri qaytarmaqdır. Azərbaycan tərəfi birtərəfli qaydada cəsədləri təhvil verməyə hazır olduğunu elan etdi. Lakin bütün bunlarla yanaşı, fikrimizcə, atəşkəsin bərqərar olması və məsələnin dialoq yolu ilə həlli üçün bir şərt var; Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərindən çıxmalıdır.
Səfir diqqətə çatdırıb ki, İran İslam Respublikasının Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləməsi və işğal altındakı ərazilərin azad edilməsi ilə bağlı mövqeyi ölkəmizdə yüksək qiymətləndirilir.
Müsahibədə İran-Azərbaycan əlaqələrinə toxunulub. Bildirilib ki, iki qonşu və dost dövlət beynəlxalq əhəmiyyət daşıyan iqtisadi layihələrin həyata keçirilməsi üzrə birgə əməkdaşlıq edirlər.
Azərbaycan Prezidentinin mövqeyini bir daha İran ictimaiyyətinin və rəsmilərinin diqqətinə çatdıran səfir qeyd edib: “Bizim bir şərtimiz var, o da Ermənistan qoşunlarının torpaqlarımızdan çıxmasıdır. İndi düşünməli olan Ermənistandır.