Səhiyyə naziri Fəxrəddin Hoca jurnalistlərə açıqlamasında bildirib
Çində koronavirus epidemiyasının yayıldığı Uhan şəhərindən 34 Türkiyə, 7 Azərbaycan, 7 Gürcüstan və 1 Albaniya vətəndaşının təxliyyə edilməsi üçün Türkiyə Səhiyyə Nazirliyi “Koca Yusuf” əməliyyatına başlayır.
Rasthaber qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, Səhiyyə naziri Fəxrəddin Hoca jurnalistlərə açıqlamasında bildirib ki, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “Koca Yusuf” adlı “Hercules” hərbi-nəqliyyat təyyarəsi bu məqsədlə Etimesgut Hərbi Hava limanından sözügedən şəhərə uçmağa hazırlaşır.
Nazirin sözlərinə görə, Uhandan çıxarılacaq vətəndaşlar üçün Çin hökuməti ilə danışıqlar aparılıb, lazımi icazə alınıb.
Həmçinin bildirilib ki, təyyarəyə gəlməzdən əvvəl evakuasiya ediləcək insanlardan sağlam olduqları (istifadə edilməli dərmanlar da daxil olmaqla) barədə bir bəyannamə alacaqlar. Həmin şəxslər Uhan hava limanında ayrı bir ərazidə yoluxucu xəstəlik mütəxəssisi tərəfindən müayinə ediləcək və daha sonra təyyarəyə daxil olacaqlar.
Bundan başqa, hər kəs maska taxacaq və nəmləndikcə bu maskalar dəyişdiriləcək. Səfər zamanı hər bir şəxsə qablaşdırılmış ərzaq və birdəfəlik içki veriləcək. Eyni anda birdən çox insanın maskasını çıxararaq yemək və maye qəbul etməsinə icazə verilməyəcək.
Xüsusi təchiz edilmiş təcili yardım maşınları ilə Çindən uçuş və tibbi heyət ilə birlikdə gətirilən vətəndaşlar 14 gün karantin altında qalacaqları xəstəxanaya aparılacaqlar.
Bu insanlar digər xəstələrlə təması olmayan, qapısı şifrə ilə açılan otaqlara yerləşdiriləcəklər. Otaqların qapı və pəncərələri daim bağlı qalacaq.