Azərbaycan, Türkiyə və Gürcüstan parlament rəsmilərinin Ankarada üçtərəfli görüşü keçirildi

Azərbaycan, Türkiyə və Gürcüstan parlament rəsmilərinin Ankarada üçtərəfli görüşü keçirildi

Okytabrın 18-də Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitə sədrlərinin Türkiyə Böyük Millət Məclisində (TBMM) üçtərəfli görüşü keçirilib.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, Türkiyə Parlamentinin Xarici İşlər Komissiyasının rəhbəri Akif Çağatay Kılıç Azərbaycan Milli Məclisinin Xarici Əlaqələr və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri Səməd Seyidov və Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze ilə görüşüb.

Bu barədə TBMM-nin mətbuat xidmətindən məlumat verilib.

Türkiyə-Azərbaycan-Gürcüstan parlamentlərinin bu il 6-cı iclasının keçirildiyini bildirən Akif Çağatay Kılıç bu toplantıların region üçün böyük əhəmiyyət daşıdığını bildirib.

Bu yaxınlarda Türkiyə ilə Azərbaycan arasında ikitərəfli görüş keçirildiyini xatırladan Səməd Seyidov da Türkiyə, Azərbaycan və Gürcüstan birliyinin regionda vacibliyini vurğulayıb.

"Hazırda dost və qardaş ölkələr arasında Gürcüstanın da olması böyük şərəfdir", deyə Səməd Seyidov bildirib.

Nikoloz Samxaradze isə Gürcüstanın xarici siyasətində ən vacib məsələnin Türkiyə və Azərbaycanla əlaqələrin dərinləşdirilməsi olduğunu diqqətə çatdırıb: "Bu iki ölkə ilə bağlılığımız yalnız tarixi əlaqələrlə məhdudlaşmır, həm də birlikdə regional iqtisadi və infrastruktur layihələr həyata keçiririk".

Qeyd edək ki, bu gün Türkiyə, Azərbaycan və Gürcüstan xarici əlaqələr komitələrinin nümayəndə heyətlərinin birgə iclası olacaq.

Komitələrin birgə toplantısında regional və parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, qanunvericilik sahəsində informasiya və təcrübə mübadiləsi, ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar, mədəni əlaqələrin inkişafı və digər məsələlər müzakirə olunacaq. Sonda mətbuat konfransı keçiriləcək.

Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyətinə azərbaycanlı deputatlardan Sevinc Fətəliyeva, Tural Gəncəliyev və Sahib Alıyev daxildir.

Xəbəri paylaş

VİDEOLAR