Ayətullah Xameneinin Məbəs münasibətilə çıxışı
Rasthaber Azərbaycan leader.ir-ə istinadən xəbər verir ki, İslam İnqilabı Rəhbəri Ayətullah Seyid Əli Xamenei Məbəs günü münasibətilə çıxış edib.
İslamın əziz Peyğəmbərinin mübarək Məbəs bayramı münasibətilə təbrik çıxışı edən İslam İnqilabının Rəhbəri Allahın bu böyük hədiyyəsinin məqsədlərinin ilahi hakimiyyət, bəşəriyyətin inkişafı, ədalətin bərqərar edilməsi və pak həyatın yaradılması olduğunu deyib.
O, bu çox böyük məqsədlərin həyata keçirilməsi üçün siyasi sistemin yaradılmasının məntiqi bir zərurət olduğuna işarə edərək “İslam İnqilabı Böyük İmamın təşəbbüsü və şücaəti sayəsində Əziz Peyğəmbərin besət xəttini diriltdi. Elə bu səbəbdən də dünya canilərinin davamlı düşmənçiliyinin hədəfinə çevrildi. Bəsirət və doğru yolda qətiyyət göstərmək bu düşmənçililiklərin məqsədə çatmasına imkan verməyəcək”, -deyə bildirib.
Ayətullah Xamenei mübarək Məbəs bayramı münasibətilə təbriklərini çatdıraraq deyib: “Bütün peyğəmbərlərin göndərilməsinin böyük ilahi məqsədləri olmuşdur. Bu məqsədlərin başında tövhid, sonra insanları günah və çirkinlikdən təmizləmə və öyrətmə, ədalətin bərqərar edilməsi, inkişaf mənasında pak həyat mühiti yaratmaq, ağıl və elmin çiçəkləndirilməsi, ruhi sakitlik, maddi rifah, həyat mühitinin təhlükəsizliyi, əmin-amanlıq, rifah, səadət və bunların hamısından yüksəkdə duran insanların mənəvi təkamülü dayanır”.
İnqilabın Rəhbəri vurğulayıb ki, Besətin məqsədləri sırf danışmaqla gerçəkləşmir: “Peyğəmbərlər bu mühüm missiya üçün sosial münasibətlər yaratmalı idilər. Təbii ki, bunun üçün də siyasi güc və sistem lazımdır”.
Ayətullah Xamenei Quranın bir neçə ayəsinə istinad edərək bildirib ki, peyğəmbərlərin siyasi sistem yaratmaqda məqsədi Allahın kitabı və ilahi hökmlərə əsaslanan hakimiyyət qurmaq olmuşdur: “İdarəetmə sisteminin bərqərar edilməsi üçün liderlik, idarəetmə və komandanlığa ehtiyac var. Təbii ki, bu çox ağır məsuliyyət peyğəmbərin çiyinlərinə düşür”.
“Tövhid nöqteyi-nəzərindən din insanın bütün fərdi, sosial və siyasi həyatını əhatə edən bir proqramdır. Bu səbəbdən də Qurani-Məcidin buyurduğu kimi, dünyanın cani və quldurları, fəsad mərkəzləri, imperialistləri, müstəmləkəçiləri və qarətçiləri tarixin bütün dövrlərində Allahın zülmə qarşı olan ədalətpərvər dini qarşısında dayanmışlar.”, -deyə Seyid Xamenei əlavə edib.
Ayətullah Xamenei dünya despotlarının İran İslam Respublikası ilə düşmənçiliyinə işarə edərək “Bu gün də imperialist cəbhəsində siyasi İslam adlandırılan İslam dövləti bütün növ hiylə və hücumların hədəfindədir. Çünki İslam Respublikası ilahi idarəetməyə nail olmaq üçün hökumət təşkil edə, böyük və əziz İran xalqına dini və islami kimlik bəxş edə bilmişdir”, -deyə vurğulayıb.
Ayətullah Xameneinin sözlərinə görə, Quranın dinlə bağlı əhatəli tərifini fərdi və ibadət məsələləri ilə məhdudlaşdırmaq olmaz: “Peyğəmbərin besəti İslamın ilk illərindəki cəmiyyətdə səy, təlaş, coşqu və hərəkətlilik dalğaları yaratdı. Əmirül-mömininin təbirincə desək, sonuncu peyğəmbərin fərdlərin və cəmiyyətin hər bir dərdinə və xəstəliyinə dərman və məlhəmi var idi. Bu yolda əgər lazım gəlsəydi, İslamın cəza və hədlərini də tətbiq edirdi”.
Ayətullah Xamenei çıxışının davamında müasir dövrdə İslam İnqilabının besətin məzmununu dirçəlditiyini bildirib: “Böyük İmam təşəbbüsü, şücaəti, yüksək düşüncəsi və fədakarlığı sayəsində peyğəmbərliyin davam edən xəttini daha məzmunlu göstərə, İslamın əhatəliliyini, siyasi və sosial yönlərini nümayiş etdirə bildi”.
Ayətullah Xameneinin sözlərinə görə İslam İnqilabı peyğəmbərin besətinə tabe olaraq zülm, istibdad və imperializmin qarşısında dayandı, məzlumların yanında yer aldı: “İslam dövlətinin təşkili ilə peyğəmbərlərin zamanında baş verən hadisələr və şərait baş verdi, dünyanın quldurları və imperialistləri İran xalqının qarşısında sıraya düzüldülər”.
İslam İnqilabının Rəhbəri imperialist cəbhəsinin təhrif və yalançılığına da işarə edib: “Onlar öz təbliğatlarında yalandan deyirdilər ki, İslam Respublikası bütün dünya ilə konfliktdədir və uzlaşmır. Halbuki İslam dövləti Quranın göstərişlərinə əsasən, yalnız İran xalqına düşmən olanların qarşısında yer alır, dinindən və irqindən asılı olmayaraq, digər xalqlar və ölkələrlə dostcasına münasibətdədir”.
Ayətullah Xamenei İslam dövlətinə qarşı düşmənçiliklərin davam etməsinə işarə edərək “Aktiv düşmənlə qarşılaşmaq üçün iki mühüm cəhətə – bəsirət, səbir və qətiyyətə ehtiyac var. Bəsirətin mənası budur ki, insan doğru yolu tanımaqda səhvə yol verməsin. Səbrin mənası isə doğru yolda qətiyyət və əzmkarlıq deməkdir. Əgər bu iki cəhət olsa, düşmən öz məqsədlərinə çata bilməz”, -deyə əlavə edib.
Onun sözlərinə görə, bu iki mühüm xüsusiyəti qorumaq üçün cəmiyyətdə qarşılıqlı tövsiyə və nəsihətə ehtiyac var: “Əgər xalq arasında səbir və haqqa çağırış zənciri bərqərar edilsə, cəmiyyətdə ümidsizlik, tənhalıq və iradə zəifliyi meydana gəlməz, addım atmaq cürəti də aradan getməz”.
İslam İnqilabının Rəhbəri vurğulayıb ki, yumşaq müharibədə düşmənin əsas hədəfləri qarşılıqlı tövsiyə zəncirini məhv etməkdir: “Qarşılıqlı tövsiyə prosesini məhv etmək çox təhlükəlidir. Gənclər yumşaq müharibənin zabitləri kimi belə bir hadisənin baş verməsinə imkan verməməlidirlər”.
“Bu yumşaq müharibədə gənclər virtual məkanın imkanlarından istifadə edərək cəmiyyətdə ümid yaratmalı, qətiyyət və bəsirəti təbliğ etməlidirlər” - Xamenei bildirib.
İslam İnqilabının Rəhbəri qeyd etdi ki, həqiqətlərin əks göstərilməsi düşmənin yumşaq müahribədəki hiylələrindən biridir. O, düşmənin aşkar yalanlarından bir neçəsinə işarə edərək deyib: “Məzlum Yəmən xalqı altı ildir ki, ABŞ-ın yaşıl işığı altında zalım və qəddar Səudiyyə dövlətinin bömba yağışına, iqtisadi, qida və dərman mühasirəsinə məruz qalıb. Qərbin iddiaçı dövlətlərinin və beynəlxalq qurumların heç birinin etiraz səsi çıxmadı. Ancaq Yəmənin istedadlı əhalisi müəyyən müdafiə vasitələri düzəldib və ya əldə edib düşmənin hücumlaırna cavab verdikdə hətta BMT tərəfindən də etiraz və qınaq səsləri ucaldı. BMT-nin bu addımları ABŞ-ın addımlarından da çirkindir”.
İnqilabın Rəhbərinin ABŞ-ın həqiqətləri tərs göstərdiyini ifadə edən digər faktlara işarə edərək onları belə sıralayıb: Ən böyük atom arsenalına sahib olduğu və atom bombası ataraq 220 min nəfəri qətlə yetirdiyi halda kütləvi qırğın silahına qarşı olmaq iddiası ilə çıxış etmək; öz müxalifini mişarla tikə-tikə doğramış Səudiyyə hökumətini himayə etdiyi halda, insan hüquqlarının tərəfdarı olduğunu iddia etmək; İŞİD kimi terrorçu qruplaşmaları yaradıb himayə etdiyi halda, onları pul və modern media vasitələri ilə təmin etmək, onların əli ilə Suriya neftinin satışına şərait yaratmaq, digər tərəfdən də terrorizmlə mübarizə iddiası ilə çıxış etmək.
Ayətullah Xamenei amerikalıların İranın regiondakı iştirakına olan qəzəb və kinlərinə işarə edərək deyib: “İslam Respublikası regionun istər Suriya olsun, istərsə də İraq, hansı tərəfində yer alıbsa, bu, həmin ölkənin istəyi və razılığı ilə olub. İran oraya qanuni dövləti qorumaq üçün məsləhətçi kimi gedib. Amma amerikalılar İraq və Suriyaya qəddarcasına soxulub hərbi baza yaradıblar”.
İslam İnqilabının Rəhbəri sonra deyib% “Əlbəttə, ABŞ İraqı mütləq boşaltmalıdır. Çünki bu, iraqlıların istəyi və qanunudur. Suriyanı da çox tez bir zamanda boşaltmalıdırlar”.
İnqilabın ən böyük əmanəti qarşısında hər kəsin üzərinə düşən vəzifənin bir-birlərinə səbr və haqqı vəsiyyət etmək, düşməni tanımaq, müqavimət göstərmək və düşmən qarşısında təslim olmamaq, ona etimad göstərməmək olduğunu deyən Ayətullah Xamenei çıxışının sonunda müalicə komplekslərinin korona pandemiyasına qarşı bir ildən çox göstərdikləri səy və çalışmalara işarə edərək deyib: “Həm mən, həm də əhalinin bütün fərdləri bu əzizlərə səmimi qəlbdən təşəkkür və dua etməliyik”.