Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Niyaməddin Əhmədova qarşı "terrorçuluğun maliyyələşdirilməsi" ittihamı ilə cinayət işi açılıb.
Bu barədə BBC News Azərbaycancaya danışan vəkili Əhməd Fərhadov deyib ki, Niyaməddin Əhmədov şənbə günü Nəsimi Rayon Məhkəməsinə aparılıb və ona qarşı dörd aylıq həbs qətimkan tədbiri seçilib.
"İcraat qərarında yazılıb ki, Niyaməddin Əhmədovun eyni maddə ilə ittiham olunan Qabil Məmmədovla cinayət əlaqələri olub. Sübut o olub ki, Qabil Məmmədov tərəfindən Niyaməddin Əhmədovun bank hesabına göndərilən 10 min manat pulu və onun internetdəki çağırışlarını əlaqələndiriblər. Əlbəttə ki, elə də tutarlı sübutlar yoxdur, amma əlaqələndiriblər", - vəkil deyib.
Vəkilin sözlərinə görə, Niyaməddin Əhmədov məhkəmədə çıxış edərkən özünü təqsirli bilmədiyini söyləyib.
O, müvəkkilinin ona göndərilən pulun "borc" olduğunu və buna görə geri qaytarıldığını söylədiyini bildirib.
"Niyaməddin Əhmədov məhkəmədə deyib ki, Qabil Məmmədov Tovuz rayonunda onun qonşusu olub. Dediyinə görə, onun rayonda təsərrüfatı olub və 10 min manatı ona verib ki, şərikli iş görsünlər.Sonra dələduzluq edib, aldadıb, qaçıb gedib, pulu qalıb onda. Sonradan bir-biri ilə whatsapp yazışmaları olub və pulu hissə-hissə geri qaytarmağa başlayıb", - vəkil müvəkkilin məhkəmədəki çıxışını izah edib.
Əhməd Fərhadov bildirib ki, Cinayət işinin istintaqını Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi aprır.
Onun sözlərinə görə, Niyamədin Əhmədov hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.
Azərbaycan Xalq Cəbhəsi Partiyası Niyaməddin Əhmədovun həbsini "siyasi qisasçılıq" hesab etdiyini açıqlayıb.
Partiya üzvünə qarşı açılmış cinayət işini "qondarma" adlandırıb və ona qarşı işgəncələrin həyata keçirildiyini iddia edib.
"15 aprel 2020 ci il tarixdə güya karantin qaydalarını pozduğu üçün saxlanılan və 30 gün inzibati həbs alan AXCP fəalı və partiya sədri Əli Kərimlinin mühafizəçisi Niyaməddin Əhmədov barədə qondarma cinayət işi açılıb. İnzibati həbsdə olduğu müddətdə onu inzibati saxlama yerindən DTX-ya apararaq işgəncə vermiş və AXCP sədri Əli Kərimli, o cümlədən başqa partiya üzvləri haqqında yalan ifadələr verməyə məcbur etmişdilər. 10 gün DTX da saxlanılandan sonra 9 may tarixində yenidən DİN inzibati həbs olunanların saxlanma məntəqəsinə gətirilsə də, həbs müddəti bitdikən sonra azadlığa buraxılmamışdır", - partiyanın bəyanatında deyilir.
Dövlət Təhlükəsizliyi Xidməti işgəncə iddialarını təkzib edib və məlumatı "yanlış" adlandırıb.
Partiya hesab edir ki, Niyaməddin Əhmədov müxalifətin "19 oktyabr mitinqində Əli Kərimlini sona qədər müdafiə etdiyi üçün cəzalandırılır".