Avstriyanın xarici işlər naziri Aleksander Şallenberq Rusiya ilə gərginlik çərçivəsində bir çox ölkələrin öz diplomatlarını Kiyevdən təxliyə etməsini tənqid edib.
Az.rasthaber.com AZƏRTAC-a istinadən xəbər verir ki, nazir bu tələskən yanaşmanı qeyri-məqbul hesab edib.
O bildirib ki, bu cür yanaşma Ukraynadakı insanlarda çaşqınlıq doğurur və yanlış siqnallar verir. Buna görə də Avstriya hazırkı həssas və dəyişkən mərhələdə öz diplomatlarının mümkün olduğu qədər Ukraynada qalmasına qərar verib.
Nazir vəziyyətin sabitləşməsi üçün Almaniyanın Kansleri Olaf Şoltsun Moskva səfərinə də böyük ümidlər bəsləndiyini bildirib. Eyni zamanda, Avstriyanın Almaniya ilə eyni xətt tutaraq, hərbi yardımlarda iştirak etməyəcəyini diqqətə çatdırıb. O qeyd edib ki, əsas hədəf hərbi dəstək deyil, gərginliyin azaldılması olmalıdır.