Almaniyada bu ölkənin cənub-qərbində yerləşən məscidin qarşısında Quran yandırılıb.
Az.rasthaber.com xəbər verir ki, şənbə günü səhər Almaniyanın Baden-Vürtemberq əyalətinin Maulbronn qəsəbəsində bir sürücünün Qurani-Kərimi avtomobildə yandıraraq Memar Sinan məscidinin qarşısına atan təhlükəsizlik kameralarının görüntüləri paylaşılıb.
Sübh namazını qılmaq üçün məscidə gedənlər bu yandırılmış Quranla qarşılaşıb və təhlükəsizlik kamerası görüntülərini araşdırdıqdan sonra polisə şikayət ediblər.
Bu avtomobilin dövlət nömrə nişanını kameralardan aşkar etmək mümkün olmadığı bildirilir. Eyni zamanda polis məsələni araşdırdıqlarını açıqlayıb.
Qeyd edək ki, 2022-ci ildə Almaniyada müsəlmanlara və İslam mərkəzlərinə qarşı 569 hücum olub.
Bu hücumlar daha çox təhdid məktubları, müəyyən şəxslərə qarşı hücumlar, yerə və əmlaka ziyan vurmaqla, məscidin rənglənməsi ilə həyata keçirilib və bu hücumlar nəticəsində 25 nəfər yaralanıb.
Qeyri-rəsmi statistikaya görə, bu ölkədə təxminən 4.700.000 müsəlman yaşayır.