Bakıda Mərkəzi Seçki Komissiyasının binası qarşısında etiraz aksiyasına cəhd edən onlarla insan polis tərəfindən saxlanılıb.
Rasthaber Azərbaycan Amerikanınsəsi-nə istinadən xəbər verir ki, bu gün, fevralın 16-da Bakıda Mərkəzi Seçki Komissiyasının binası qarşısında etiraz aksiyasına cəhd edən onlarla insan polis tərəfindən saxlanılıb.
Saxlanılan şəxslərlə bağlı sosial şbəkələrdə maraqlı xəbərlər yayılmaqdadır. Məslən, D18 Hərəkatının rəhbəri, deputatlığa namizəd Ruslan İzzətli Bakıdan 300 kilometr qərbdə yerləşən Yevlax şəhərində, ReAL Partiyasının sədri İlqar Məmmədov Bakıdan 125 kilometr şimal-qərbdə Şamaxı şəhərində, deputatlığa namziədlər Mehman Hüsenov və Ülvi Həsənli Bakıdan 120 kilometr qərbdə Hacıqabul şəhəri yaxınlığında çöllükdə, bir sözlə saxlanılanlar qrup şəklində Qobustanda və digər ərazilərdə çöllüklərdə sərbəst buraxılıb.
İlkin qeyri-rəsmi məlumatlara görə, saxlanılanların sayı yüzdən çoxdur. Onların arasında, Müsavat Partiyasının başqanı Arif Hacılı, çoxsaylı deputatlığa namizədlər var.
Bakı Şəhər Baş Polis İdarəsi bildirib ki, bu gün bir qrup şəxs əvvəlcədən rəsmi qaydada xəbərdar olunmalarına baxmayaraq saat 15 radələrində Mərkəzi Seçki Komissiyasının inzibati binasının önünə toplaşmağa cəhd edib. Cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb və onlar ərazidən kənarlaşdırılıblar. Ciddi qanun pozuntusu qeydə alınmayıb, saxlanılan və xəsarət alan olmayıb.