ABŞ, Fransa, Almaniya, İtaliya və İngiltərənin xarici işlər nazirləri Suriyada bu gün keçiriləcək seçkilərin ədalətli və sərbəst bir mühitdə olmayacağını və hər hansı qanuni əsasının olmadığını bildirdi.
Rasthaber Azərbaycan xəbər verir ki, ABŞ Dövlət Departamentinin bəyan etdiyi birgə açıqlamada "Fransa, Almaniya, İtaliya, İngiltərə və ABŞ xarici işlər nazirləri olaraq, açıq şəkildə dilə gətiririk ki, Suriyada 26 mayda keçiriləcək prezident seçkiləri azad və ədalətli olmayacaq. Əsəd rejiminin BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi çərçivəsindən kənarda bu seçkilərin keçirilməsinə dair qərarı rədd edirik".
Müvafiq ölkələrin suriyalıların səslərinin və düşüncələrinin yer almayacağı bir seçki prosesini qəbul etmədikləri vurğulanan açıqlamada suriyalı müxaliflərin "seçkiləri qanuni saymadığı" da qeyd edilib.
Açıqlamada Suriyada azad və ədalətli bir seçkinin yalnız BMT nəzarəti altında və beynəlxalq şəffaflıq və hesabatlılıq şərtləri daxilində keçirilə biləcəyi ifadə edilib.
"Bir seçkinin etibarlı ola bilməsi üçün ölkə daxilində ev-eşiyindən edilmiş suriyalılar, qaçqınlar və diasporadakılar da daxil olmaqla bütün suriyalılar təhlükəsiz şəkildə iştirak edə bilməlidirlər. Onlar olmadan bu saxta seçki siyasi barışığa doğru heç bir irəliləyişi təmsil etmir" deyə açıqlamada qeyd edilib.