Amerika Birləşmiş Ştatlarının dövlət katibi Anthoni Blinken Türkiyənin NATO-ya bağlılığının davam etməsinin hər kəsin mənfəətinə olduğunu söyləyib.
NATO Qərargahında keçirilən Xarici İşlər Nazirləri Toplantısına ilk dəfə ABŞ dövlət katibi kimi qatılan Anthoni Blinken NATO-nun baş katibi Yens Stoltenberqlə (Jens Stoltenberg) birlikdə təşkil edilən mətbuat konfransında çıxış ediblər.
A.Blinken deyib: "Bu gün bura ABŞ-ın NATO-ya sarsılmaz bağlılığını nümayiş etdirmək üçün gəldim. Başda NATO müttəfiqləri olmaqla ortaqlıqları yenidən qurmaq istəyirik. Əvvəllər olduğu kimi bu günün təhdidlərinə də güclü və təsirli olan ittifaqı yenidən canlandırmaq niyyətindəyik.
ABŞ və NATO-nun dəyər verdiyi müttəfiqimizin - Türkiyənin bu ittifaqa bağlılığının sürməsi hamımızın xeyrinədir. ABŞ və NATO Türkiyəni yanında görmək istəyir.”
Beynəlxalq qüvvələrin Əfqanıstandan çəkilməsiylə bağlı suala isə Blinken belə cavab verib: "ABŞ və NATO əsgərləri Əfqanıstana birlikdə getdi, birlikdə uyğunlaşdı və doğru zamanda oradan birlikdə ayrılacaq. ABŞ qərarı müttəfiqləri ilə birlikdə verəcək.”