Xəbər verdiyimiz kimi, ötən gün ABŞ Maliyyə Nazirliyi Rusiya ilə bağlı tətbiq etdiyi sanksiyalar siyahısına Azərbaycandan da bir şirkəti daxil edib.
“Lahic Energy” MMC Azərbaycanda qeydiyyatdan keçənə - 2019-cu ilə qədər Rusiyada fəaliyyət göstərib. Ancaq buna qədər də Azərbaycanda fəaliyyəti olub.
Şirkət əsasən “yaşıl enerji” sektorunda işi ilə diqqət çəkib. Onun bir rayonda 4 kiçik həcmli SES qurduğu, eyni zamanda Qobustanda günəş panellərinin döşənməsində iştirak etdiyi rəsmi saytında əks olunub. Həmçinin MMC fərdi evlərə də günəş panellərinin qurulması xidmətini təklif edir.
Şirkətin elektronik məhsullarla bağlı xidmətinin olduğu bildirilsə də, bu sahədə hər hansı işi haqda saytında belə məlumat verilməmişdi.
Yeri gəlmişkən qeyd edək ki, “com” beynəlxalq domenindən istifadə edən şirkətin saytı artıq bağlanıb. Bu isə şirkətə sanksiyaların tətbiqi ilə bağlıdır. Çünki ABŞ Maliyyə Nazirliyi sanksiyaların bugündən qüvvəyə minəcəyini bildirmişdi.