20 Yanvar qətliamı

20 Yanvar qətliamının 30-cü ildönümüdür.

20 Yanvar qətliamı

Rasthaber Azərbaycan xatırladır ki, Azərbaycan tarixinin ən ağır səhifələrindən biri 20 yanvar qətliamıdır.

Azərbaycanda gedən xalq etirazları, müstəqillik tələbləri SSRİ-nin sütunlarını silkələyir. SSRİ Vilnüs və Tbilisidə etdiyindən daha ağır cinayət edərək, digər xalqlara gözdağı vermək istəyir.

1990-cı ilin 16 yanvarından başlayan piket və etirazlar SSRİ rəhbərliyini narahat edir.

SSRİ Müdafiə Nazirliyi, DİN və DTK "Udar” adlı əməliyyat hazırlayır. "ALFA” və SSRİ DTK-nın "A” təxribat qruplarının hücumda iştirakına qərar verilir.

Qorbaçov fövqəladə vəziyyət elan edərək, Azərbaycana hücum əmrini verir. Qoşun hissələri yanvarın 19-da saat 21-dən ilk olaraq Türkan-Qala tərəfdən şəhərə yeridilir.

"Bakı əməliyyatı"na SSRİ müdafiə naziri, marşal Dmitri Yazov şəxsən rəhbərlik edir. Əsgərlər gözyaşardıcı qazdan istifadə edir, əliyalın adamlara avtomat silahlardan atəş açır. Hərbçilər yaşayış evlərini, təcili yardım maşınlarını atəşə tutur, yaralıları öldürürlər. Tankların maşınların üstündən keçməsi qətliamın vahiməsini artırırdı.

Şəhərin küçələri öldürülmüş və yaralanmış yaşlıların, qadınların, uşaqların qan selinə dönmüşdü. Qatillər yaralıların xəstəxanaya gətirilməsinə mane olurdular.

Rəsmi məlumatlara görə qətliamda 147 nəfər şəhid edilir. 638 nəfər yaralanır, 400 nəfər həbs edilir, 4 nəfər itkin düşür. Neftçala və Lənkəranda da 8 nəfər şəhid edilir.

Şəhidlərin dəfn prosesi üçün yanvarın 20-də 120-130 nəfərlik dəstə Dağüstü Parka gəlir.

Şanlı şəhidlərimiz üçün qəbirlərin qazılması 21 yanvara qədər davam edir.

22 yanvarda xalq şəhidlərini çiyinlərində indiki Şəhidlər Xiyabanına gətirir. Böyük hüzn və kədərlə faciə qurbanları son mənzilə yola salınır.

20 yanvar qətliamı Azərbaycanda müstəqillik hərəkatını sürətləndirir.

Sovet İttifaqına isə ciddi zərbə vurur.

Müstəqillik qazanandan sonra buranın adı “Şəhidlər Xiyabanı” olaraq rəsmiləşdirilir.

Xəbəri paylaş