Zelenskidən Vaşinqtona yenilənmiş sülh planı
Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Kiyev ABŞ-a yenilənmiş sülh planının surətini təqdim edib. Onun sözlərinə görə, əsas 20 maddədən ibarət olan planın daha geniş çərçivəsi Ukraynanın təhlükəsizliyinə dair zəmanətləri və ölkənin bərpasına yönəlik xüsusi razılaşmanı ehtiva edir.
Zelenski jurnalistlərə açıqlamasında bildirib ki, Vaşinqtonla danışıqlar zamanı Şərqi Ukraynanın bəzi bölgələrində Ukrayna qüvvələrinin geri çəkilməsindən sonra “azad iqtisadi zona” yaradılması ideyası da gündəmə gəlib.
Ərazi ilə bağlı hər qərar referenduma çıxarılacaq
Zelenski vurğulayıb ki, ölkə ərazisi ilə bağlı hər hansı güzəşt, xəritənin yenidən çəkilməsi və ya nəzarət xətlərinin dəyişdirilməsi yalnız xalq səsverməsinə çıxarıldıqdan sonra qərara bağlana bilər. Prezident bildirib ki, sülhün dayanıqlığı üçün bu məsələdə xalqın iradəsi həlledici olmalıdır.
O həmçinin ABŞ rəsmiləri, o cümlədən Dövlət katibi Marko Rubio, Müdafiə naziri Pit Heqsit və Ağ Evin xüsusi nümayəndəsi Stiv Uitekofla videobağlantı vasitəsilə təhlükəsizlik təminatları mövzusunu müzakirə etdiyini açıqlayıb.
Zelenski deyib ki, Ukrayna, gələcək sülh razılaşmasından sonra Rusiya yenidən hücuma keçərsə, tərəfdaşlarının hansı addımlar atacağını aydın şəkildə bilməlidir. Bu səbəbdən Kiyev və Vaşinqton “dəqiq anlaşma” əldə etmək üçün danışıqları davam etdirmək qərarına gəliblər.
Seçkilərin keçirilməsi üçün atəşkəs zərurəti
Zelenski “İradəli Dövlətlər Alyansı”nın toplantısında çıxışı zamanı bildirib ki, Ukraynada seçkilərin keçirilməsi üçün ən azı prosesin bütün müddəti ərzində atəşkəsə ehtiyac var. O, bu məsələnin ABŞ tərəfindən Rusiya ilə müzakirə edilməli olduğunu vurğulayıb.
Ukraynada müharibə dövründə seçkilərin keçirilməsini qadağan edən qanun qüvvədə qalmasına baxmayaraq, Zelenski artıq bir ildən çoxdur ki, müddəti bitmiş prezident səlahiyyətlərini icra edir. ABŞ Prezidenti Donald Trampın Kiyevə seçki tələblərini artırdığı da qeyd edilir.
Kremlin mövqeyi: “Siverodonsk azad edilib, təşəbbüs bizdədir”
Bu arada Rusiya Prezidenti Vladimir Putin Kremlin toplantısında xüsusi hərbi əməliyyat zonasındakı vəziyyəti müzakirə edib. O, Rusiya ordusunun Siversk şəhərini “azad etdiyini” və bölgədə “strateji təşəbbüsün tam şəkildə” rus qüvvələrinin nəzarətində olduğunu bildirib.
Putin hərbi rəhbərliyi təbrik edərək, Rusiya ordusunun irəliləyişinin davam edəcəyini vurğulayıb. Moskvanın fikrincə, Ukrayna cəbhəsində mövcud dinamika ölkənin şərqində qüvvələr balansını dəyişməkdə davam edir.
