az.rasthaber.com xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bildirib: “Azərbaycanda həbsdə olan 13 Rusiya vətəndaşının azadlığa buraxılması, Moskva ilə Bakı arasında münasibətlərin normallaşması istiqamətində mühüm addım ola bilər”.
Onun sözlərinə görə, məsələ avqustun 22-də Həştərxanda keçirilən Rusiya–Azərbaycan hökumətlərarası iqtisadi komissiyanın iclasında ətraflı müzakirə olunub və Rusiya tərəfinin mövqeyi Azərbaycan nümayəndə heyətinə çatdırılıb. Konsulluq əməkdaşları iyulun 3–14 və 23-də Bakı İstintaq Təcridxanasında saxlanılan şəxslərlə görüşüblər. Dördüncü görüş üçün sorğu göndərilib, lakin hələlik Azərbaycan tərəfindən razılıq verilməyib.
Zaxarova əlavə edib ki, iyunun 2-də Moskva, həbsdə olanların sağlamlıq vəziyyəti və tibbi yardımla bağlı məlumat istəyib, lakin cavab almayıb.
Moskva ilə Bakı arasında yeni gərginlik isə iyunun 27-də Yekaterinburqda azərbaycanlıların saxlanılmasından sonra başlayıb. Rusiya İstintaq Komitəsi onların 2001, 2010 və 2011-ci illərdə törədilmiş qətl və sui-qəsd işlərində təqsirləndirilən şəxs olduqlarını açıqlayıb. Saxlanılanlardan ikisi vəfat edib. Komitənin məlumatına görə, onlardan birinin ölüm səbəbi ürək çatışmazlığı olub. Azərbaycan tərəfi isə ekspertizadan sonra həmin iki nəfərin – Ziyəddin və Hüseyn Səfərov qardaşlarının xüsusi amansızlıqla qətlə yetirildiyini bildirib.
Hadisədən bir neçə gün sonra, iyunun 30-da Azərbaycan Daxili İşlər Nazirliyi bu ilin fevralında fəaliyyəti dayandırılmış “Sputnik Azərbaycan” media qurumunda əməliyyat keçirib. Nəticədə 7 nəfər saxlanılıb, onlardan ikisinə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Sonradan saxlanılanların ümumi sayının 13 nəfər olduğu açıqlanıb.
Bundan sonra Rusiya Bakıda saxlanılan jurnalistlərə görə, Azərbaycan isə Yekaterinburqda azərbaycanlılara qarşı keçirilən əməliyyata görə bir-birinə qarşılıqlı nota təqdim edib.