Yəməndə Yeni Qanlı Toqquşmalar: Səudiyyə Aviasiyası Həzrəmövtdə Zərbələr Endirdi

3 Dəq Oxuma Müddəti

Həzrəmövtdə hərbi eskalasiya

Yəmənin Həzrəmövt vilayətində “Cənub Keçid Şurası” ilə Həzrəmövt Qəbilələri Alyansı arasında silahlı toqquşmalar baş verib. Yerli mənbələrin məlumatına görə, qarşıdurmalar nəticəsində ölən və yaralananlar var. Eyni zamanda Səudiyyə Ərəbistanına məxsus döyüş təyyarələri bölgədə hava hücumları həyata keçirib.

Məlumata əsasən, Səudiyyə aviasiyası “Cənub Keçid Şurası”na bağlı Həzrəmövt Elit Qüvvələrinin mövqelərini hədəfə alıb. Bu zərbələr şuranın Səudiyyə Ərəbistanının dəstəklədiyi Həzrəmövt Qəbilələri Alyansına məxsus hərbi düşərgəni nəzarətə götürməsindən sonra endirilib.

Səudiyyə təyyarələrindən intensiv uçuşlar

Mənbələr bildirir ki, Səudiyyə döyüş təyyarələri Şihr şəhərinin sahil zolağı, Xird bölgəsi və ətraf ərazilər üzərində intensiv uçuşlar həyata keçirib. Bu uçuşların əsas məqsədinin “Cənub Keçid Şurası” qüvvələrini ələ keçirdikləri mövqelərdən geri çəkilməyə məcbur etmək olduğu qeyd olunur.

Bundan başqa, Həzrəmövt vilayətinin Qeyl bin Yəmin rayonunda yerləşən Vadi Nəhəb ərazisində güclü partlayış səslərinin eşidildiyi bildirilib. Yerli sakinlər partlayışların Səudiyyə aviasiyasının hava zərbələri nəticəsində baş verdiyini deyiblər.

Ölən və yaralananlar var

Eyni vaxtda Həzrəmövtün Qeyl bin Yəmin və Şihr rayonlarında “Cənub Keçid Şurası”na bağlı silahlı dəstələrlə Həzrəmövt Qəbilələri Alyansına mənsub döyüşçülər arasında şiddətli qarşıdurmalar yaşanıb. Toqquşmalar nəticəsində hər iki tərəfdən itkilərin olduğu bildirilir.

Həzrəmövt Elit Qüvvələri yaydığı açıqlamada Şihr rayonunun Xird ərazisində alyansa bağlı silahlıların qurduğu pusqu nəticəsində itkilər verdiklərini bildirib. “Cənub Keçid Şurası” rəhbərliyi isə bu hücumları “təxribat” adlandıraraq “sarsıdıcı cavab” veriləcəyi ilə hədələyib.

Şuraya yaxın media orqanları qarşıdurmalar zamanı Həzrəmövt Qəbilələri Alyansına məxsus bəzi silahlıların təslim olduğunu iddia edib.

“Cənub Keçid Şurası”nın genişlənən əməliyyatları

Xatırladaq ki, dekabr ayının ortalarında “Cənub Keçid Şurası” Yəmənin cənubunda, Əbin vilayətində “Həlledici əməliyyat” adlı hərbi kampaniyaya başladığını elan edib. Bu əməliyyat daha əvvəl icra olunan “Şərqin Oxları” planının davamı kimi təqdim olunur.

Cari ayın əvvəlində isə şura Şəbvə vilayətində “21-ci mexanikləşdirilmiş briqada”nın hərbi düşərgəsini və Əqla neft obyektini nəzarətə götürüb. Ardınca Səudiyyə Ərəbistanı ilə sərhəddə yerləşən Həzrəmövt və Məhra vilayətlərində mövqelərini gücləndirib.

Qaz infrastrukturu və milyardlarla dollar itki

Hazırda Birləşmiş Ərəb Əmirliklərinin dəstəklədiyi qüvvələr Şəbvə vilayətində yerləşən və Yəmənin yeganə qaz ixrac terminalı olan Bəlhaf limanına nəzarət edir. Bu obyekt 2015-ci ildən bəri fəaliyyət göstərmir.

Məlumata görə, Bəlhaf terminalının işləməməsi Yəmən dövlətinə hər il təxminən 4 milyard ABŞ dolları həcmində gəlir itkisi yaradır. Son on il ərzində ölkənin ümumi itkisinin 40 milyard dollara yaxın olduğu bildirilir.

Analitiklər hesab edirlər ki, Həzrəmövtdə baş verən son hadisələr Yəməndə onsuz da ağır olan hərbi-siyasi vəziyyəti daha da gərginləşdirir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş