Səna və vilayətlərdə kütləvi aksiyalar keçirildi
Yəmənin paytaxtı Sənadakı “Əs-Səbin” meydanında, eləcə də ölkənin müxtəlif vilayətlərində yüzlərlə meydanda “Xəbərdarlıq və səfərbərlik cüməsi” şüarı altında genişmiqyaslı yürüşlər keçirilib.
Aksiya iştirakçıları ölkənin müdafiəsi və mövcud vəziyyətlə bağlı vahid mövqe nümayiş etdiriblər.
Əbdülməlik əl-Husiyə səlahiyyət verildiyi elan olundu
Yəmən Alimlər Birliyinin rəhbəri Şəmsəddin Şərəfəddin bildirib ki, xalq Ənsarullah hərəkatının lideri Əbdülməlik əl-Husiyə ölkənin müdafiəsi üçün zəruri hesab etdiyi bütün qərarları qəbul etmək səlahiyyəti verib.
O vurğulayıb ki, ölkəyə qarşı planların həyata keçirilməsinə imkan verilməyəcək və tətbiq olunan blokada müharibə kimi qiymətləndiriləcək.
Şərəfəddin Yəmən Silahlı Qüvvələrini cavab tədbirlərini genişləndirməyə çağıraraq, ölkənin bütün cəbhələri dəstəkləməyə hazır olduğunu bildirib.
Məşşat: Saatlarınızı Səna vaxtına uyğunlaşdırın
Yəmən Ali Siyasi Şurasının sədri Mehdi əl-Məşşat isə bildirib ki, Əbdülməlik əl-Husi xəbərdarlıq etdikdə və Yəmən xalqı buna cavab verdikdə hadisələrin inkişafını Səna vaxtı ilə izləmək lazımdır.
Onun sözlərinə görə, qanuni hüquqlar təmin olunmadıqca mövcud problemlər aradan qalxmayacaq.
Hadisələr Səna hava limanına hücumdan sonra baş verir
Kütləvi yürüşlər Səudiyyə Ərəbistanının Səna Beynəlxalq Hava Limanına endirdiyi zərbələrdən sonra keçirilib.
Bundan əvvəl Yəmən Silahlı Qüvvələri Səudiyyə Ərəbistanının Əbha hava limanını hədəfə aldıqlarını açıqlamışdı.
Yəmən tərəfi həmçinin aviaşirkətlərə Səudiyyə Ərəbistanının hava məkanından istifadə etməməklə bağlı xəbərdarlıq edib.
Əbdülməlik əl-Husi isə əvvəlki çıxışında Səudiyyə Ərəbistanının münaqişəni genişləndirəcəyi təqdirdə Yəmənin eyni şəkildə cavab verəcəyini, ölkəyə qarşı blokadanın blokada ilə qarşılanacağını və Səudiyyə Ərəbistanının neft və strateji obyektlərinin hədəfə çevriləcəyini bildirmişdi.

