Yuventus Evində Büdrədi: Leççe İlə Heç-Heçə

2 Dəq Oxuma Müddəti

Turin təmsilçisi evdə üstünlüyü qoruya bilmədi

İtaliya Serie A-nın 18-ci turunda zirvə mübarizəsi aparan Yuventus doğma meydanda turnir cədvəlinin aşağı pillələrində qərarlaşan Leççe klubunu qəbul edib. Allianz stadionunda keçirilən qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Matçın əvvəlində gözlənildiyi kimi təşəbbüs Yuventusun tərəfində olsa da, qonaq komanda müdafiədə intizamlı oyun nümayiş etdirərək hücum şanslarını da dəyərləndirməyə çalışıb.

İlk hissədə Leççe sürprizi

Qarşılaşmanın ilk hissəsi əsasən meydan sahiblərinin topa nəzarəti ilə keçsə də, hesabı açan tərəf Leççe olub. 45+2-ci dəqiqədə Lamek Banda dəqiq zərbə ilə fərqlənərək qonaqları fasiləyə 1:0 üstün göndərib. Bu qol Turin azarkeşləri üçün gözlənilməz olub və Yuventus üçün təzyiqi daha da artırıb.

McKennie hesabı bərabərləşdirdi

İkinci hissəyə sürətli başlayan Yuventus cəmi bir neçə dəqiqə ərzində bərabərlik qolunu vurmağı bacarıb. 49-cu dəqiqədə Veston Makkini cərimə meydançası daxilində düzgün mövqe seçərək topu qapıdan keçirib və hesabı 1:1 edib.

Bu qoldan sonra “qoca sinyora” oyunda tam üstünlük əldə edib və Leççe qapısı önündə ardıcıl təhlükəli vəziyyətlər yaradıb.

Qaçan penalti qələbəyə mane oldu

Yuventusun təzyiqi 65-ci dəqiqədə nəticə verib. VAR baxışından sonra hakim Turin təmsilçisinin xeyrinə penalti qərarı verib. Lakin 66-cı dəqiqədə penalti zərbəsini yerinə yetirən Conatan Devid fürsəti boşa verib və qapıçı topu dəf edib. Bu epizod oyunun taleyini həll edən məqam kimi qiymətləndirilib.

Qalan dəqiqələrdə hesab dəyişməyib və qarşılaşma 1:1 nəticəsi ilə başa çatıb.

Turnir cədvəlində vəziyyət

Bu nəticə ilə üç oyunluq qələbə seriyası başa çatan Yuventus xal ehtiyatını 33-ə çatdırıb və zirvə yolunda doğma meydanda mühüm xal itkisi ilə üzləşib. Leççe isə qazandığı bir xalla xalını 17-yə yüksəldərək aşağı sıralardan uzaqlaşmaq mübarizəsində önəmli nəticə əldə edib.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş