YouTube bir zamanlar ləğv etdiyi mesajlaşma funksiyasını yenidən işə salır
YouTube təxminən altı il əvvəl platformadan çıxardığı bir xüsusiyyəti — birbaşa mesajlaşma (DM) funksiyasını — geri qaytarmaq üçün yeni sınaq prosesinə başladığını açıqlayıb. Şirkət bildirir ki, istifadəçilərin platforma daxilində mesajlaşma tələbı illərdir ən çox səslənən istək olub.
YouTube-un dəstək səhifəsində yayımlanan açıqlamada deyilir ki, xüsusiyyət hələlik “birbaşa mesajlaşma” adlandırılmasa da, istifadəçilər bəyəndikləri videoları — istər uzun videolar, Shorts, istərsə də canlı yayımlar olsun — paylaşaraq eyni tətbiq üzərindən yazışa biləcəklər.
Test yalnız iki ölkədə aparılır
Yeni funksiyanı hazırda yalnız İrlandiya və Polşa istifadəçiləri sınaqdan keçirə bilər. Test mərhələsində 18 yaşdan yuxarı istifadəçilərin funksiyaya çıxışı mümkün olacaq.
YouTube, sınaq dövründən sonra toplanan rəy və təkliflərə əsasən funksiyanın qlobal istifadəyə açılıb-açılmayacağına qərar verəcək.
İllərin tələbi: DM funksiyasına geri dönüş
DM funksiyası ilk dəfə 2017-ci ildə istifadəyə verilmiş, 2018-ci ildə isə platformanın veb versiyasına əlavə olunmuşdu. Lakin istifadə səviyyəsinin aşağı olduğu ehtimal edilərək şirkət 2019-cu ildə bu funksiyanı tamamilə ləğv edib və əvəzində Stories kimi başqa sosial media formatlarına yönəlib.
YouTube 2023-cü ildə Stories funksiyasını da dayandırdı. Şirkət hazırkı sınaq prosesinin əsas məqsədinin istifadəçi qarşılıqlı əlaqəsini artırmaq olduğunu bildirib.
