Yevlaxda Əsgər Hərbi Hissədə Ölü Tapılıb

1 Dəq Oxuma Müddəti

Hərbi hissədə müəmmalı ölüm

Azərbaycan Ordusunun 20 yaşlı əsgəri Xətai Fərahim oğlu Məmmədovun vəfat etdiyi bildirilir. Hadisənin Yevlax rayonunun ərazisində yerləşən hərbi hissədə baş verdiyi qeyd olunur.

Məlumata görə, əsgərin meyiti hərbi hissənin idman meydançasında aşkarlanıb. Onun ölüm səbəbi ilə bağlı hələlik rəsmi məlumat yayılmayıb.

Tərxisinə iki ay qalırdı

Rəsmi qurumların mövqeyi məlum deyil

Bildirilir ki, Xətai Məmmədovun hərbi xidməti başa vurmasına cəmi iki ay qalırdı. Hadisə ilə bağlı Müdafiə Nazirliyi və digər aidiyyəti qurumların mövqeyini öyrənmək mümkün olmayıb.

Ötən ayın əvvəlində də oxşar hadisə qeydə alınmışdı. 10 günlük əsgər Coşqun Zülfüqar oğlu Sadıqov Mərkəzi Klinik Hərbi Hospitalda vəfat etmişdi. Həmin ölümün səbəbi də ictimaiyyətə açıqlanmamışdı.

Qeyri-döyüş itkiləri ilə bağlı statistika

Müdafiə Nazirliyi və digər rəsmi qurumlar əsgər ölümləri ilə bağlı ümumi və yekun statistikanı açıq şəkildə paylaşmır.

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun 2025-ci il hesabatına əsasən, ötən il Azərbaycanda azı 42 hərbçi qeyri-döyüş şəraitində vəfat edib. Bu halların əksəriyyətinin xəstəlik və intihar səbəbilə baş verdiyi bildirilir.

Hazırda Yevlaxda baş vermiş son hadisə ilə bağlı araşdırmanın aparılıb-aparılmadığı və nəticələrin nə zaman açıqlanacağı məlum deyil.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş