Vəhşi pişiklər “Yırtıcılardan Azad 2050” proqramına daxil edildi
Yeni Zelandiya hökuməti ölkə ekosisteminə ciddi ziyan vurduğu bildirilən vəhşi pişiklərin 2050-yə qədər tamamilə məhv edilməsinə dair yeni strategiya təqdim edib. Qərarı ölkənin Təbiəti Mühafizə naziri Tama Potaka açıqlayıb və bu addım 2016-cı ildən qüvvədə olan “Yırtıcılardan Azad 2050” proqramına ilk dəfə yeni bir növün əlavə olunduğunu göstərir.
Potaka vəhşi pişikləri “soyuqqanlı ovçular” kimi səciyyələndirib və onların gelincik, qırqovul, siçan və possum kimi növlərlə eyni hədəf qrupuna daxil ediləcəyini bildirib. İndiyədək yalnız bəzi bölgələrdə məhdud şəkildə nəzarət edilən və öldürülən vəhşi pişiklər üçün bundan sonra bütün ölkəni əhatə edən vahid və genişmiqyaslı məhvetmə planı həyata keçiriləcək. Proqramın tam detallarının 2026-cı ilin martında açıqlanacağı gözlənilir.
2,5 milyondan çox vəhşi pişik yaşayır
Məlumatlara görə, Yeni Zelandiyanın meşə və ada ekosistemlərində 2,5 milyondan çox vəhşi pişik mövcuddur. Uzunluğu quyruğu ilə birlikdə bir metrə çatan və 7 kiloqrama qədər böyüyə bilən bu heyvanların yerli növlərə böyük zərər vurduğu bildirilir.
Xüsusilə Rakiura Styuart Adasında Pukunui (Cənub dottereli) quşunun yox olmaq həddinə gəlməsi və Ruapehu dağı ətrafındakı yarasaların məhvi vəhşi pişiklərlə əlaqələndirilir. Potaka bildirib ki, Yeni Zelandiyanın təbii irsini qorumaq və biyoçeşidliliyi bərpa etmək üçün bu yırtıcıların aradan qaldırılması zəruridir.
Uzun illik mübahisələr və ictimai reaksiya
Vəhşi pişiklərin rəsmi siyahıya salınması uzun illərdir davam edən müzakirə və kampaniyaların nəticəsi olub. 2013-cü ildə ekoloq Qaret Morqanın başladığı “Cats to Go” təşəbbüsü ölkədə güclü reaksiyaya səbəb olmuş, uşaqlar üçün təşkil edilən “vəhşi pişik vurma yarışı” isə heyvan hüquqları fəallarının sərt tənqidinə məruz qalmışdı.
Buna baxmayaraq, Təbiəti Mühafizə Nazirliyi strategiya layihəsinə daxil olan rəylərin 90 faizinin vəhşi pişiklərin ciddi şəkildə nəzarət altına alınmasını dəstəklədiyini açıqlayıb.
Ev pişikləri proqramdan kənarda qalsa da narahatlıq böyükdür
Yeni strategiya ev pişiklərinə şamil olunmur, lakin onların da biyoçeşidliyə nəzərəçarpan təhlükə yaratdığı vurğulanır. Yeni Zelandiya dünyada ev pişiyi sahibliyinin ən yüksək olduğu ölkələrdən biri sayılır və bu sahədəki qaydaların çox qarışıq və pərakəndə olduğu qeyd edilir. Hökumətin gələcək mərhələdə ev heyvanlarının idarə olunmasına dair yeni çərçivə işləyib hazırlaması gözlənilir.
