Yeni Tədris İli Başlayır: DYP Sürücülərə Xəbərdarlıq Etdi

3 Dəq Oxuma Müddəti

Məktəblərin ətrafında sıxlıq arta bilər

Yeni tədris ilinin başlanması ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə, valideynlərə, şagirdlərə və digər hərəkət iştirakçılarına müraciət edib.

İdarədən verilən məlumata görə, tədris prosesinin başlanması ilə yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyinin artacağı gözlənilir. Xüsusilə səhər və axşam saatlarında məktəblərin, uşaq bağçalarının və digər təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə sıxlığın yaranması ehtimalı yüksəkdir.

DYP belə şəraitdə bütün hərəkət iştirakçılarının daha diqqətli, səbirli və məsuliyyətli davranmasının vacibliyini vurğulayıb.

Sürücülərə mühüm xəbərdarlıq

İdarə sürücüləri təhsil müəssisələrinə yaxınlaşarkən avtomobilin sürətini əvvəlcədən azaltmağa çağırıb. Məktəblərin ətrafında uşaqların qəfil hərəkət hissəsinə çıxması ehtimalı nəzərə alınmalı, piyada keçidlərinə yaxınlaşarkən maksimum diqqətli davranılmalıdır.

Eyni zamanda, avtomobillərin ikinci cərgədə, piyada keçidlərinin üzərində və digər nəqliyyat vasitələrinin hərəkətinə mane olan yerlərdə saxlanılmaması tələb olunur.

Bu qaydalara əməl edilməməsi məktəblərin ətrafında tıxacların yaranmasına səbəb olmaqla yanaşı, piyadaların, xüsusilə azyaşlıların təhlükəsizliyinə ciddi risk yarada bilər.

Valideynlər uşaqların təhlükəsizliyinə diqqət etməlidir

DYP valideynlərə də ayrıca müraciət edib. Uşaqları məktəbə aparıb-gətirən valideynlər avtomobillərini yalnız dayanmağa icazə verilən və təhlükəsiz ərazilərdə saxlamalıdırlar.

Uşaqların avtomobildən birbaşa hərəkət hissəsinə deyil, səki istiqamətinə düşüb-minməsinə nəzarət edilməsi xüsusi əhəmiyyət daşıyır. Valideynlərin tələsərək avtomobili qadağan olunmuş yerdə saxlaması və ya uşağı yolun hərəkət hissəsində düşürməsi təhlükəli vəziyyət yarada bilər.

DYP xatırladıb ki, valideynlərin yol hərəkətində nümayiş etdirdikləri davranış uşaqlar üçün birbaşa nümunədir. Buna görə də böyüklər uşaqlardan yol hərəkəti qaydalarına əməl etməyi tələb etməzdən əvvəl özləri bu qaydalara riayət etməlidirlər.

Şagirdlərə çağırış: Telefon və qulaqlıqdan uzaq durun

Müraciətdə şagirdlərin də riayət etməli olduğu təhlükəsizlik qaydalarına diqqət çəkilib. Məktəblilər avtomobil yolunu yalnız bunun üçün müəyyən edilmiş yerlərdən və piyada keçidlərindən keçməlidirlər.

Dayanmış və ya park edilmiş avtomobillərin arasından qəfil yola çıxmaq son dərəcə təhlükəlidir. Belə vəziyyətdə hərəkətdə olan avtomobilin sürücüsü uşağı vaxtında görməyə və nəqliyyat vasitəsini dayandırmağa imkan tapmaya bilər.

Şagirdlərə yol hərəkətində olarkən mobil telefondan və qulaqlıqdan istifadə etməmək də tövsiyə olunub. Diqqəti yayındıran bu vasitələr yaxınlaşan avtomobili vaxtında görməyə və ya onun səsini eşitməyə mane ola bilər.

DYP-dən ümumi çağırış

Yeni tədris ilinin ilk günlərində avtomobil yollarında adi günlərlə müqayisədə daha intensiv hərəkətin müşahidə oluna biləcəyi nəzərə alınaraq sürücülərin səbirli davranması xüsusi əhəmiyyət daşıyır.

Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını yol hərəkəti qaydalarına ciddi riayət etməyə, təhsil müəssisələrinin ətrafında sürəti azaltmağa və piyadalara qarşı diqqətli olmağa çağırıb.

Qurum vurğulayıb ki, məktəbə gedən hər bir uşağın təhlükəsiz şəkildə mənzilbaşına çatması yalnız valideynlərin və müəllimlərin deyil, yolda olan bütün hərəkət iştirakçılarının ortaq məsuliyyətidir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş