Yeni Hökuməti Qurduqdan Bir Gün Sonra Fransa Baş Naziri İstefa Verdi

3 Dəq Oxuma Müddəti

Bir gün əvvəl hökumət qurdu, bu gün istefa verdi

Fransada siyasi böhran dərinləşir. Prezident Emmanuel Makron tərəfindən 9 sentyabrda baş nazir təyin edilən Sebastyen Lekornu, hökumətini formalaşdırdıqdan cəmi bir gün sonra, bu gün səhər saatlarında istefa verdiyini açıqlayıb.

Makron, Lekornunun istefasını qəbul edib. Bu qərarla Lekornu, 5-ci Respublika tarixində ən qısa müddət — cəmi bir gün hökumət başçısı olmuş siyasətçi kimi tarixə düşüb.

Hökumət tərkibi tənqidlərə səbəb oldu

Lekornu dünən axşam saatlarında yeni hökumətin tərkibini açıqlamışdı. Lakin kabinetdə əvvəlki nazirlərdən və Makrona yaxın fiqurlardan ibarət siyahının yer alması həm ictimaiyyətdə, həm də siyasi partiyalar arasında ciddi narazılıq doğurdu.

Yeni hökumətdə parlamentin ən böyük ittifaqı olan solçu Yeni Xalq Cəbhəsi (NFP) və ən böyük partiya sayılan ifrat sağçı Milli Birlik (RN) nümayəndələrinin yer almaması da gərginliyi artırdı.

Müxalifət Makronu erkən seçkilərə çağırır

İfra sağçı RN Partiyasının baş katibi Jordan Bardella televiziyaya açıqlamasında Makronu parlamenti buraxaraq erkən seçkilər keçirməyə çağırdı:

“Siyasi sabitlik yalnız xalqın səsi ilə bərpa oluna bilər.”

RN partiyası sosial mediada paylaşım edərək “Makronçuluq ayaqda ölü vəziyyətdədir” ifadəsini işlətdi.

Solçu “Boyun əyməyən Fransa” (LFI) lideri Jan-Lyuk Melanşon isə Makronun vəzifədən uzaqlaşdırılması ilə bağlı 104 deputatın imzaladığı vəsatətin dərhal müzakirəyə çıxarılmasını tələb edib.

Mühafizəkar Respublikaçılar Partiyası sədr müavini və Kann meri David Lisnar isə bildirib:

“Makronun istefası Fransanın maraqlarına daha çox xidmət edər.”

Lekornunun istefa açıqlaması

Sebastyen Lekornu istefasını təqdim etdikdən sonra mətbuata açıqlamasında hökumət böhranının əsas səbəbinin büdcə məsələləri olduğunu deyib.

O bildirib ki, işsizlik sığortası, vergi ədaləti və pensiya sahəsində müxalifətin tələbləri əsasında müəyyən dəyişikliklər edilsə də, bu, siyasi uzlaşma üçün kifayət etməyib.

Lekornu, keçən həftələrdə hökumətin Konstitusiyanın 49.3-cü maddəsinə — yəni parlament səsverməsini kənar edən qaydaya — müraciət etməyəcəyini açıqlamış, lakin müxalifətdən dəstək ala bilməmişdi.

“Parlamentdə heç bir partiya əsl çoğunluğa malik olmadığı halda, hamı öz proqramını qəbul etdirmək istəyir,” – deyə o bildirib.

Fransa siyasi çıxılmazlıqda

Fransada hökumət böhranı ötən ildən davam edir. 2024-cü ilin dekabrında keçmiş baş nazir Mišel Barnye büdcə böhranı səbəbilə vəzifədən uzaqlaşdırılmışdı. Onun yerinə təyin olunan Fransua Bayru hökuməti də 8 sentyabrda etimad səsi ala bilməyərək istefa vermişdi.

İndi isə Lekornunun istefası Makron administrasiyasını növbəti siyasi dalğalanma ilə üz-üzə qoyur. Siyasi analitiklər Fransa prezidentinin parlamenti buraxaraq erkən seçkilərə getmək məcburiyyətində qalacağını istisna etmirlər.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş