Yeni Faktlar Üzə Çıxır: Epşteyn Və Kəşfiyyat Dünyası

3 Dəq Oxuma Müddəti

Cinayətdən kəşfiyyata uzanan yol

Cefri Epşteyn şəbəkəsinin detalları ilk dəfə üzə çıxanda, bu, varlı və nüfuzlu bir şəxsin ətrafında formalaşmış genişmiqyaslı cinsi cinayət qalmaqalı kimi təqdim olundu. Özəl adası, yüksək səviyyəli qonaqları, siyasətçilərdən tutmuş iş adamlarına və elm adamlarına qədər uzanan əlaqələri işi daha da səs-küylü etmişdi. Lakin istintaq dərinləşdikcə və sənədlər sızdırıldıqca məsələ adi cinayət dosyesindən çıxaraq daha böyük bir sualı gündəmə gətirdi: bu şəxs bu qədər güclü dairələrə necə daxil ola bilmişdi?

Xüsusilə diqqət çəkən məqam Epşteynin ətrafında toplaşan şəxslərin kimliyidir: dövlət başçıları, nazirlər, milyarderlər, təhlükəsizlik strukturlarına yaxın fiqurlar və həssas sahələrdə çalışan alimlər. Bu, artıq təsadüfi əlaqələrdən çox, sistemli bir şəbəkəni xatırladır.

İqtisadi məntiqdən kənar nüfuz şəbəkəsi

Epşteyn nə iri korporasiyanın sahibi idi, nə də onun sərvətini və təsir imkanlarını izah edəcək aydın biznes modeli vardı. Buna baxmayaraq, o, qlobal qərarverici elitalara çıxış əldə etmişdi. Kəşfiyyat dünyasında bu cür fiqurlar həmişə maraq doğurur, çünki belə şəxslər güclü təsir və şantaj potensialına malik ola bilirlər.

Bu şübhələri gücləndirən əsas fiqurlardan biri Epşteynin yaxın silahdaşı Gileyn Maksvelldir. Onun atası Robert Maksvel beynəlxalq media maqnatı olmaqla yanaşı, Britaniya kəşfiyyatı, “Mossad” və hətta sovet strukturları ilə əlaqələrdə ittiham olunmuşdu. Robert Maksvelin 1991-ci ildə yaxtadan müəmmalı şəkildə dənizə düşərək ölməsi bu şübhələri daha da dərinləşdirmişdi.

“Biznesmen”, yoxsa kəşfiyyat üçün “resurs”?

Epşteynin əlaqələrini izah edən iqtisadi əsas olmadıqca, onun kəşfiyyat strukturları ilə mümkün əlaqələri barədə ehtimallar güclənir. Son günlərdə yayımlanan sənədlər onun müxtəlif kəşfiyyat qurumlarının maraq dairəsində olduğunu göstərir.

Bəzi təhlükəsizlik ekspertlərinin fikrincə, Epşteyn rəsmi agent deyil, “resurs” ola bilərdi – yəni əlaqələri və təsir imkanları səbəbilə istifadə edilən şəxs. Digər ssenariyə görə isə o, əvvəlcə müstəqil şəkildə bu şəbəkəni qurub, daha sonra kəşfiyyat strukturlarının diqqətini çəkib.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin “təsdiq etmirik, təkzib də etmirik” üslubunda cavabı bu mövzuda qaranlıq məqamları daha da artırdı. Bundan əlavə, Epşteynin sonradan CIA direktoru olan Uilyam Börns ilə görüşləri də onun hansı dairələrdə hərəkət etdiyini göstərir.

Şantaj mexanizmi: cinayət gücə çevriləndə

Kəşfiyyat tarixində cinsi şantaj – “bal tələsi” – yaxşı tanınan üsuldur. Məqsəd şəxsi zəiflikləri sənədləşdirərək onları siyasi və ya strateji təsir alətinə çevirməkdir. Epşteynin adası və orada baş verənlər də bu kontekstdə qiymətləndirilir.

Tarixdə “Kinkora evi” kimi qalmaqallar göstərir ki, belə mexanizmlər təkcə fərdləri deyil, bütöv siyasi prosesləri yönləndirə bilər. Bir məmurun şəxsi sirri parlament qərarına, silah müqaviləsinə və ya təhlükəsizlik strategiyasına təsir göstərə bilər.

Qərarlar yataq otaqlarında veriləndə

Rəsmi olaraq dövlətlər konstitusiyalarla, institutlarla idarə olunur. Lakin pərdəarxasında bəzən qərarları qorxu və şantaj formalaşdırır. Epşteyn qalmaqalı da bu mexanizmin qlobal miqyasda necə işləyə biləcəyini göstərən simvola çevrilib.

Bu kontekstdə Epşteyn Qərbin “dəyərlər” və “demokratiya” ritorikasının arxasında gizlənən ikiüzlülüyün güzgüsü kimi dəyərləndirilir. O, istisna deyil, sistemin özünü ifşa edən bir fiqur kimi tarixə düşüb.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş