İşlənmiş qidalar beyin sağlamlığını təhdid edir
ABŞ-ın Virginia Tech Universiteti alimlərinin apardığı yeni araşdırma, bəzi “abur cubur” növlərinin beyin sağlamlığına digərlərindən daha çox zərər verdiyini üzə çıxarıb. Alimlərə görə, şiddətli dərəcədə işlənmiş ət məhsulları və şəkərli içkilər beynin fəaliyyətinə ən mənfi təsir göstərən iki əsas qida qrupudur.
Tədqiqat nəticələrinə əsasən, bu məhsullardan gündə cəmi bir porsiya artıq qəbul edən insanların Alzaymer və digər koqnitiv pozğunluqlara (zehni geriləmələrə) tutulma riski əhəmiyyətli dərəcədə artır.
6 illik araşdırmanın nəticələri
Araşdırma 2014–2020-ci illər arasında aparılıb və 55 yaşdan yuxarı 4 750 ABŞ vətəndaşını əhatə edib. Hər iki ildən bir iştirakçılara yaddaş, diqqət və idrak testləri tətbiq olunub. Nəticədə, 1 363 nəfərdə bilişsel zəifləmə əlamətləri müşahidə edilib.
Alimlər hesablayıblar ki:
-
Gündə bir porsiya artıq işlənmiş ət qəbul edənlərdə beyin pozğunluğu riski 17 faiz,
-
Gündə bir porsiya artıq şəkərli içki (kola, buzlu çay, meyvə aromalı içkilər və s.) içənlərdə isə bu risk 6 faiz artıb.
Digər qidalar eyni təsiri göstərmir
Tədqiqatçılar maraqlı bir nəticəyə də diqqət çəkiblər: Ümumi “ultra işlənmiş qida” (UPF) istehlakı ilə beyin pozğunluğu arasında birbaşa əlaqə aşkarlanmayıb. Yəni çörək, şirniyyat, süd məhsulları və hazır yeməklər kimi digər qida növləri bu qədər mənfi təsir göstərməyib.
“Ölçülülük və balans əsas şərtdir”
Virginia Tech Universitetindən insan qidalanması üzrə professor Brenda Davi deyib:
“Bu nəticələr ümidvericidir. Çünki dəyişdirmək mümkündür. Sadəcə, ölçülülük və sağlam seçimlərə üstünlük vermək lazımdır.”
Araşdırma müəllifləri hesab edirlər ki, aşırı işlənmiş məhsullardan uzaq durmağın ən effektiv yolu evdə yemək bişirmə vərdişlərini artırmaqdır.
Virginia Tech tədqiqatçısı Ben Kats bu barədə belə deyib:
“Bir pəhrizi seçmək bir şeydir, amma onu bişirmək bacarığına sahib olmaq tamamilə başqa məsələdir.”
Mütəxəssislər həmçinin xəbərdarlıq edirlər ki, beynin sağlam qalması üçün şəkərli içkilər və sənaye üsulu ilə işlənmiş ətlərdən uzaq durmaq, təbii məhsulların və təzə qidaların payını artırmaq vacibdir.
